Bazarlarda uşaq geyimlərinin vəziyyətinə nəzər salsaq, əl yandıran qiymətləri gördükdə bəlkə də təəccübümüzü gizlədə bilmərik. Buna səbəb isə olduqca balaca olan geyimlərin, böyük qiymətlərə alıcılara təqdim edilməsidir. Qiymətlər isə geyimin harda satılmasına görə dəyişir. Bu vəziyyətdə geyimin bazar və ya brend vitrinlərdən asılmasından çox şey asılıdır.
Bəs nəyə görə uşaq paltarları alıcılara baha qiymətə satılır?
Geyimlərin qiymətindəki balans pozğunluğundan danışan iqtisadçı ekspert Azər İsmayılov bildirdi ki, azad bazar iqtisadiyyatında bunlara nəzarət etmək mümkünsüzdür. Hərə öz məhsulunun maddi dəyərinə uyğun qiymətlər təyin edir.
Qiymətlərdən gileylənən valideynlər isə paltarların böyüklərin geyimləri ilə eyni qiymətə satılmasından narazıdırlar.
Bəs görəsən, bazarlarda uşaq geyimlərinin keyfiyyətinə, sertifikatlaşdırılmasına nəzarət varmı?
“Axar.az”a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, bazarda keyfiyyətsiz və sertifikatsız mallar çoxluq təşkil edir.
“Pambıq mal adı altında tam fərqli, tərkibi qarışıq olan geyimlər alıcıya təqdim edilir. Buna nəinki bazarda, hətta brend dükanlarda da rast gəlmək mümkündür. Uşaq geyimləri ilə bağlı bizə daim şikayətlər olur. Hətta bu geyimlərdən körpələrin dərilərinə müxtəlif rənglər də çıxır. Nəzərə alsaq ki, bu boyaların içində ağır metallar var, hər şeyi rahatlıqla dərk edərik. Hətta bəzi geyimlər tullantılardan hazırlanmış məhsullardan ərsəyə gələrək, körpələrin bədəninə düşmən kəsilir”.
Araşdırma zamanı bəlli oldu ki, 6-7 yaşlı usağı başdan-ayağa geyindirmək üçün minimum 70 manat (qışda) vəsait tələb olunur - amma keyfiyyətindən xəbərsiz olduğumuz məhsullardan istifadə edərək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?