«Şadlıq saraylarının təsnifatı və qaydalar» dövlət standartı təsdiq edilib
gundemxeber.az Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS 746-2012 «Şadlıq saraylarının təsnifatı və qaydalar» dövlət standartını təsdiq edib. Yeni qaydalar 1 yanvar 2013-cü il tarixdən qüvvəyə minəcək. Yeni qaydalara əsasən şadlıq evlərində qarderob otağı, tualet, sanitar qovşağı, telefon, gözləmə zalı (avanzal), bar, artistlərin otağı, gəlin otağı, administrator otağı, şəkilləri çap etmək üçün otaq olmalıdır. Qəbul olunmuş normativlərə əsasən vestibül təqribən əsas zalın dörddə biri qədər (orta hesabla 1 nəfər yerə 0,3-0,45 kv.m) sahəni tutmalıdır. Standartda həmçinin şadlıq saraylarının qarderobuna, barına, sanitar qovşaqlarına da ayrı-ayrılıqda tələblər müəyyənləşdirilib. Standartda mərasim zamanı sarayda həkimin olması tövsiyə olunur. Texniki tələblər sırasında şadlıq sarayının mətbəxinə olan tələblər də əsas yeri tutur. Standarta əsasən sarayın mətbəxinin ümumi sahəsi 1 nəfərə 0,40 kv.m təşkil etməlidir. Mətbəxdə arakəsmələrlə, yaxud ayrı otaqlar olmaqla soyuq qəlyanaltıları hazırlamaq üçün ayrıca bölmə, manqal yeməklərinin hazırlanacağı ayrıca yer (havalandırma sistemi güclü olan bölmə) olmalıdır. Ət məhsullarının qəbulu, kəsilməsi və hissələrə ayrılması üçün də xüsusi otaq və ya bölmə olmalıdır. Standartda həmçinin yeməklərin hazırlanmasına, qabların yuyulmasına, masa örtükləri və dəsmallara, xidmət dəstinə, ümumi sanitariya norma və qaydalara, xammalların anbarda saxlanmasına da tələblər qeyd olunub. Standarta əsasən şadlıq sarayının zalında masa ilə oturacaqların arasında olan məsafə 40-45 sm, bir masanın oturacağı ilə ona paralel olan masanın oturacağı arasında olan məsafə 80-100 sm təşkil etməlidir. Masa arxasında hər nəfər üçün 55-60 sm.-lik bir bölüm ayrılır, lakin xidmət lüks səviyyəsində verilirsə, məsafə 75 sm-lik bölümü əhatə etməlidir. Masaların forması - kvadrat, düzbucaqlı və dairəvi olur. Fransız üslubda xidmət üçün dairəvi masalardan, ingilis üslubda xidmət üçün düzbucaqlı və kvadrat masalardan istifadə edilir. Sənəddə istifadə olunan masaların ölçüləri də qeyd edilib. Rəqs meydançalarına, işıqlandırma sisteminə, döşəməyə, salonun səhnəsinə tələblər də müəyyənləşdirilib. Standarta əsasən səsucaldan elə köklənməlidir ki, metallik və aydın olmayan səslər salondakılara mane olmasın və salondakı səs 85 dB(A)-dən yüksək olmamalıdır. Standartda xidmət göstərən heyətə də ciddi tələblər müəyyənləşdirilib. Belə ki, mətbəxdə çalışan heyət 3 aydan, digər xidmətlər göstərən heyət 6 aydan az olmamaqla tibbi müayinədən keçməli və sağlamlıq, yoluxucu xəstəliklərin olmadığı haqqında arayış təqdim etməlidirlər. Sarayda çalışan administrator, süfrəçi, barmen, somelye, aşbazlar işlədikləri sahə üzrə təhsilli olmalıdır. Standartda personal üçün ayrı-ayrılıqda tələblər və məhdudiyyətlər də göstərilib. “Turan”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?