Müdafiə Nazirliyi əsgərlərin müəmmalı şəraitdə yaralanması açıqlamalarının ardınca düşmən ordusunun zabitimizi şəhid etməsinə necə cavab verəcək? F
Azərbaycan ordusunun kapitanı cəbhə xəttinin Tərtər istiqamətində erməni gülləsindən şəhid olub. Məlumatı APA yayıb.
Hadisənin bu gün qeydə alındığı bildirilir, lakin şəhid olan kapitanın adı və soyadı göstərilmir.
Bu itki barədə informasiyanın yayılması cəbhə xəttində son günlər vəziyyətin gərginləşdiyi bir vaxta təsadüf edir. Xəbər verildiyi kimi, əvvəlcə erməni tərəfi “Azərbaycan ordusunun diversiya qruplarının” təmas xəttinin Tərtər və Xocavənd istiqamətlərində erməni ordusunun mövqelərinə həmlə etdiyi barədə bəyanat yayıb. Erməni tərəfinin yaydığı bəyanata görə, bu hadisə yanvarın 20-nə keçən gecə baş verib. Erməni ordusunun kiçik serjantı atışma zamanı öldürülüb.
Daha sonra Ermənistan Müdafiə Nazirliyi daha bir əsgərin hospitalda öldüyünü açıqlayıb, lakin onun güllə yarasından, yaxud başqa səbəbdən öldüyü barədə heç nə deyilməyib.
Həmin bəyanatlarda erməni tərəfi iddia edirdi ki, “diversiya qrupunun həmləsinin dəf edilməsi zamanı Azərbaycan tərəfi də itki verib”. Əvvəlcə
Azərbaycan tərəfinin azı 2 nəfər itirdiyi, bir neçə yaralı olduğu bildirildi.
Azərbaycan Müdafiə Nazirliyi isə erməni tərəfinin yaydığı bu məlumatları qəti təkzib edib. Yanvarın 20-də təmas xəttində bu cür insidentin qeydə alınmadığını və Azərbaycan ordusunun heç bir itkisinin olmadığı açıqlanıb.
Lakin yanvarın 21-də Müdafiə Nazirliyi istiqamət göstərmədən təmas xətti yaxınlığında hərbi maşının aşdığını və üç əsgərin yaralandığını bildirib. Həmin gün daha bir əsgərin özünü vurduğu bildirilib. Yanvarın 22-də Müdafiə Nazirliyi cəbhədə vəziyyətin gərginləşdiyi haqda yeni açıqlama yayıb və bildirilib ki, erməni qüvvələrinin Xocavənd istiqamətində Azərbaycan ordusunun mövqelərinə diversiya hücumunun qarşısı alınıb.
Ermənistan tərəfi isə yanvarın 20-də baş verdiyi iddia olunan “diversiya həmləsi” ilə bağlı ən yüksək səviyyədə yeni məlumatlar yaymaqda idi. Yanvarın 22-də İrəvanda həmin insident zamanı öldüyü deyilən kiçik serjantın dəfn mərasimi olub. Müdafiə naziri Seyran Ohanyan dəfn mərasimində çıxış edərək serjantın “qəhrəmanlığından” və Azərbaycan tərəfinin itkilərindən danışıb. Ohanyan iddia edib ki, Azərbaycan tərəfi “azı 25 yaralı və bir neçə itki ilə geri çəkilib”...
Bütün bu açıqlamaları düşmən təbliğatı çərçivəsində qiymətləndirməklə bərabər Azərbaycan tərəfinin cəbhədə nə baş verdiyi barədə icimaiyyəti yetərli dərəcədə məlumatlandırmadığı, bir-birinin ardınca əsgərlərin ya hansısa qəzada, ya öz silahlarından “təsadüfən” açılan atəşlər nəticəsində yaralanması faktlarına tutarlı izahat vermədiyi də qeyd olunmalıdır.
Və belə bir vaxtda Azərbaycan ordusunun kapitan rütbəli zabitinin Tərtər istiqamətində şəhid olduğu açıqlanır.
Virtualaz.org saytı yaxın dəqiqələrdə Müdafiə Nazirliyinin bu ciddi insident barədə rəsmi mövqeyini əldə edib yaymağa çalışacaq.
Onu da qeyd etmək lazımdır ki, təmas xətində bu gərginlik və Azərbaycan ordusunun kapitanın şəhid edilməsi xarici işlər nazirlərinin Parisə görüşə yollandıqları bir vaxtda baş verir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?