Bununla əlaqədar Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri hərəkətə keçib. Hərbi Hava Qüvvələrinin təyyarələri cəbhə boyu uçuşlar həyata keçirir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Hərbi ekspertlərin qənaətinə görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin təmas xətti boyu uçuşlar keçirməsi düşmənin ön xəttə əlavə hərbi qüvvələr cəmləşdirməsi ilə bağlı ola bilər. Belə ki, təmas xəttində yanvarın 20-dən etibarən gərginlik kəskin artmaqdadır və hər iki tərəfdən itkilər var.
Azərbaycan Müdafiə Nazirliyindən mətbuata verilən məlumatlara əsasən Ermənistan ordusu bir neçə gündür döyüş mövqelərinə əlavə qüvvələr,o cümlədən muzdlular cəlb edir.
Belə bir vaxtda hərbi aviyasının təmas xətti boyu uçuşlar keçirməsi həm düşmən qüvvələrinin cəmləşməsini izləmək, həm də Azərbaycan ordusunun vəziyyətin daha da gərginləşəcəyi halda daha sərt cavab zərbələri endirməyə hazır olduğunu nümayiş etdirmək məqsədi daşıyır. Belə ki, hərbi aviasiya Azərbaycanın hazırda Qarabağ cəbhəsində erməni qüvvələri üzərində malik olduğu əsas üstünlüklərdən biridir. Azərbaycan çoxlu sayda pilotsuz kəşfiyyat təyyarələrinə, hücum vertolyotlarına və modernləşdirilmiş döyüş təyyarələrinə malikdir.
Xəbər verildiyi kimi, təmas xəttində gərginliyin artması erməni tərəfinin bəyanatları ilə başlayıb. Ermənistan Müdafiə Nazirliyi iddia edib ki, yanvarın 20-nə keçən gecə Azərbaycan ordusunun diversiya dəstələri Tərtər və Xocavənd istiqamətindən erməni mövqelərinə həmlə edib. Bu zaman erməni tərəfin bir serjantı öldürülüb, qarşı tərəf də ciddi itki verib. Azərbaycan Müdafiə Nazirliyi cəbhədə belə insidentin baş verdiyini və itkilərin olduğunu təsdiqləmədi.
Lakin ertəsi gün təmas xəttində hərbi avtomobilin aşması nəticəsində üç əsgərin yaralandığı, daha bir əsgərin özünü güllələdiyi açıqlandı. Dünən isə Tərtər istiqamətində Azərbaycan ordusunun kapitanının erməni gülləsindən şəhid olduğu bildirildi.
Azərbaycan Müdafiə Nazirliyi son üç gündə erməni hərbi bölmələrinin azı iki diversiya həmləsinin qarşısının alındığını bəyan edir. Belə cəhdlərdən biri bu gün səhərə yaxın Tərtər istiqamətində qeydə alınıb. Ermənistan müdafiə naziri Seyran Ohanyan bundan əvvəl serjantın ölümünə cavab olaraq Azərbaycanı hədələmişdi və qisas alınacağını bildirmişdi.
Şiddətli atışmalar təkcə Qarabağ cəbhəsində deyil, Azərbaycan-Ermənistan sərhədində də baş verir. Ermənistan ordusu bir neçə gündür ki, Tovuzun Əlibəyli kəndini güclü atəş altında saxlayır. Kənddə erməni gülləsindən bir qadının yaralandığı məlumdur. Azərbaycan ordusu isə cavab olaraq Ermənistan ordusunun mövqelərini Qazax istiqamətindən atəş altında saxlayır. Erməni qaynaqları sərhəd kəndlərinin birində mülki şəxsin - 16 yaşlı qızın ayağından yaralandığını açıqlayıb.
Təmas xətti boyu bütün istiqamətlərdə atışmaların getdiyi və diversiya həmlələrinin baş verdiyi bir vaxtda Ermənistan və Azərbaycan xarici işlər nazirləri Parisdə görüşür. Edvard Nalbəndyan və Elmar Məmmədyarov arasında görüş yaxın saatlarda başlayacaq. Nazirlər prezidentlərin gələn ay Soçi Qış Olimpiya Oyunlarının açılışı mərasimində mümkün görüşünü hazırlamaq tapşırığı almışdı.
Lakin cəbhədə vəziyyətin bu cür gərginləşdiyi, Ermənistan ordusunun Azərbaycan zabitini qətlə yeirdiyi bir vaxtda bu danışıqlar hansı səmərə verə bilər? Yaxud nazirlərin görüşü ərəfəsində təmas xəttində gərginliyi bu cür artırmaq kimə lazım ola bilərdi?
Belə görünür ki, Ermənistana və onun patronuna. Belə ki, Qarabağa dair danışıqlar prosesi üç ilə yaxın davam edən fasilədən sonra ötən ilin sonlarında Qərbin - yeni təyin edilmiş amerikalı həmsədrin və Fransa XİN-in intensiv diölomatik səylərindən sonra prezidentlərin Vyana görüşü ilə yenidən başlamış oldu.
Həmin görüşdən sonra hər iki tərəf sərt ritorikanı kəskin azaltdı və yumşaq bəyanatlara üstünlük verməyə başladı. Vyana danışıqları hansısa konkret irəliləyişə səbəb olmasa da danışıqlar prosesi hər halda bərpa edilmişdi və prezidentlər xarici işlər nazirlərinə prosesi davam etdirmək, yüksək səviyyəli yeni danışıqları hazırlamaq tapşırıqları vermişdi.
Nazirlərin Paris görüşü Əliyev-Sərkisyan danışıqlarının davamı üçün həlledici əhəmiyyət kəsb edirdi. Amcaq təmas xəttində baş verən indiki hadisələr fonunda prosesin yenidən dayanacağı təhlükəsi var. Görünür, Rusiya Qərin patronajlığı altında donu açılan danışıqların çox irəli getməsində maraqlı deyildi...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?