Demokratik Təşəbbüslər İnstitutu (İDİ) dövlət qeydiyyatına alınması məqsədilə sənədlərini yenidən Ədliyyə Nazırliyinə təqdim edib.
Bu məlumatı virtualaz.org saytına İDİ sədri, MSK üzvü Akif Qurbanov verib.
A.Qurbanov dedi ki, Ədliyyə Nazirliyinin təşkilatın qeydiyyat sənədlərini geri qaytarmasının səbəbi çox absurd və əsassızdır. Çünki təşkilatın sənədləri peşəkar hüquqşünaslar tərəfindən hazırlanaraq Ədliyyə Nazirliyinə göndərilib.
“Sənədləri geri qaytarılan başqa QHT-lərlə də əlaqə saxlayaraq araşdırma aparmışıq. Bəlli olub ki, nazirlikdə ümumi olaraq şablon cavablar var və qeydiyyata almaq istənməyən təşkilatlara çox zaman bu cavablardan birini göndərirlər. Əsasən də məktubların məzmunu və qeydiyyata almamaq səbəbləri eyni olur. Belə ki, nazirlik məktubunda əsas kimi “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun 9.2-ci maddəsinin tələblərinə zidd olaraq qurumun nizamnaməsində təsisçilərin qeyri-hökumət təşkilatının fəaliyyətində iştiraka münasibətdə hüquq və vəzifələri göstərilməmişdir” ifadə edib. Hesab edirəm ki, yuxarıda göstərilən səbəb qanuna istinad edilsə də göstərilən irad əsaslı şəkildə izah olunmayıb. Halbuki qanunun 9.2-ci maddəsinin tələblərinə uyğun olaraq təsisçilərin hüquq və vəzifələri qurumun nizamnaməsinin 5.1-5.2-ci bəndlərində aydın göstərilir. Ona görə də Ədliyyə Nazirliyinin Hüquqi Şəxslər və Vətəndaşlıq Vəziyyəti İdarəsinin imtina məktubunda göstərilən irad əsassızdır. Nəticə etibarilə belə qənaətə gəlmək olur ki, ya birliyin nizamnaməsi Ədliyyə Nazirliyinin rəsmiləri tərəfindən ümumiyyətlə oxunmayıb, ya da qeydə almadan imtina üçün hüquqi əsasın olub-olmamasının o qədər də əhəmiyyəti yoxdur.
Biz təsisçilərin toplantısını bir daha keçirib qeydiyyat üçün tələb olunan müvafiq sənədləri Ədliyyə Nazırliyinə təqdim etdik. Ümid edirik ki, bu dəfə Ədliyyə Nazirliyində qanunvericiliyin və beynəlxalq qurumlar qarşısında götürülən öhdəliklərin tələbləri nəzərə alınaraq obyektiv araşdırma aparıb Demokratik Təşəbbüslər İnstitutunun dövlət qeydiyyatına alınması üçün lazımi tədbir görüləcək. Nəticədə biz məhkəmə yolunu seçmək məcburiyyətində qalmayacağıq”.
Sorğu
Yeni dizaynımız necədir?