“Ermənilərin üç kəndi ilə bağlı Ermənistan mətbuatının yaydığı məlumatlar doğru deyil”.
Bu barədə “Axar.az”a Azərbaycan Respublikası Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumatda Müdafiə Nazirliyi Ermənistan tərəfinin atəşkəsi pozduğunu və cavab atəşi ilə susdurulduğu bildirib:
“Ermənilərin üç kəndi ilə bağlı Ermənistan mətbuatının yaydığı məlumatlar doğru deyil. Ermənistan tərəfi dünən Tovuz rayonu Əlibəyli kəndi istiqamətində atəşkəsi pozub və cavab atəşi ilə də susdurulub. Artıq Ermənistan tərəfi də mətbuatın kəndlərin boşaldılması ilə bağlı yaydığı məlumatı təkzib edib”.
Müdafiə Nazirliyi həmçinin son günlər baş verən hadisələrlə əlaqədar cəbhənin təmas xəttində ordunun döyüş hazırlığının artırıldığını qeyd edib:
“Cəbhənin təmas xəttində Azərbaycan Ordusu onsuz da döyüş hazırlığı səviyyəsindədir. Amma son günlər atəşkəs rejiminin tez-tez pozulması bu hazırlığın daha da artırılmasına səbəb olub”.
Qeyd edək ki, Ermənistan mətbuatı Azərbaycan tərəfinin atəşkəsi pozması səbəbilə Berd rayonunun üç kəndinin boşaldılması haqqında məlumat yaymışdı. Bu gün səhər isə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən Ermənistan tərəfi təkcə dünən və bu gecə ərzində 138 dəfə atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin yaydığı məlumatlara əsaslansaq, son üç gün ərzində Ermənistan tərəfinin atəşkəs rejimini 286 dəfə pozublar.
Sorğu
Yeni dizaynımız necədir?