Adətən hər hansı qurumun fəaliyyətinə dair qəzetimizdə dərc olunmuş tənqidi materiallara yalnız bir neçə gün sonra hər hansı reaksiya verilir.
Ehtimal etmək olar ki, barəsində tənqid yazılmış müəssisə rəhbəri əvvəlcə materialı “süzgəcdən keçirir”. Başqa sözlə desək, tənqid hədəfi ilk növbədə bizi qarşılıqlı olaraq ittiham etmək üçün zəif nöqtələr axtarır. Bundan sonra özünümüdafiə məqsədilə müəyyən taktika hazırlanır və sairə... Təbii ki, bütün bunlar bir qədər zaman tələb edir. Bəzən isə ümumiyyətlə heç bir reaksiyanın şahidi olmuruq. Belələri “harda qırılır, qırılsın” prinsipinə riayət edərək imkan varkən yığdıqlarını artırmağa çalışırlar. Onlar üçün bir neçə sətir tənqid və ya iradın heç bir əhəmiyyəti yoxdur. Amma bəzi hallarda biz yazılarımızın aşkar aqressivliyə də səbəb olduğunu görmüşük. Əksər hallarda tənqidə tuş gəlmiş hər hansı subyektin bu psixoloji durumu məhz redaksiyamızın əməkdaşlarına və ya rəhbərliyinə qarşı yönəlmiş olur. Lakin çox vaxt telefon danışıqlarında səsləndirilən təhdid və hədələr emosiyaların soyumasını təmin edə bilir. Və çox nadir hallarda aqressivlik şifahi xəbərdarlıqlardan əməli təsirlərə keçə bilər...Elə qəzetimizin dünənki sayında dərc olunmuş “Rasim Zeynalovun “qazlama” siyasəti” sərlövhəli tənqidi material da belə istisnaların sırasına düşüb. Həm də çox təəsüflər olsun ki, bu dəfə tənqidi qeydlərin doğurduğu aqressiv reaksiya bizə qarşı deyil, Qazax rayonu Qaz İstismar İdarəsinin fəaliyyətindən şikayətçi düşmüş vətəndaşa doğru yönəlib. Materialda qeyd olunmuşdu ki, bu idarənin rəisi Rasim Zeynalov rayon əhalisinin təbii qaz yanacağı ilə təmin edilməsi üçün ayrılmış vəsait və materialların davamlı surətdə mənimsənilməsində ittiham olunur. Bu xüsusda mənbələr bildirirlər ki, Rasim Zeynalov mütəmadi olaraq Qazax rayonu ərazisində kilometrlərlə ölçülən məsafələrdə qaz borularının yenilənməsi, həmçinin guya ki, görülmüş cari təmir işləri və sairə haqda saxta sənədlər hazırlayaraq yuxarı instansiyalara təqdim edir. Həmçinin rayonun bir sıra kəndlərinə çəkilməsi nəzərdə tutulmuş qaz boruları da Rasim Zeynalov tərəfindən satılır. Dövlət sifarişlərini yerinə yetirə bilmədiyindən idarə rəisi Qazax rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərova da mütəmadi olaraq yalan məlumatlar verir. Eyni zamanda da R.Zeynalovun fəaliyyəti sakinlərin hüquqlarının addımbaşı pozulması ilə müşayiət olunur. Təbii ki, bu haqsızlığa etiraz edən sakinlər araşdırma tələb edirlər. Elə bu kimi tələbləri irəli sürən Qazax sakinlərindən biri də redaksiyamıza ərizə ilə müraciət etmiş Asif Dilbazovdur. Belə ki, öz ərizəsində A.Dilbazov qaz sayğacının quraşdırılmasına görə Qazax rayonu Qaz İstismar İdarəsinin rəhbərliyi tərəfindən ondan 500 manat məbləğində rüşvət tələb edildiyini bildirmişdi. Dünən günün ikinci yarısında isə Asif Dilbazov redaksiyamızla telefon əlaqəsi saxlayaraq, materialın dərcindən sonra başına gələnlər barədə məlumat verdi. Şikayətçinin sözlərinə görə, bizimlə olan danışığından bir qədər əvvəl Qaz istismar idarəsinin əməkdaşları (4-5 nəfər) onun qapısına gəliblər. Əvvəlcə Asif Dilbazov elə başa düşüb ki, ona şikayəttini təkzib etməsi müqabilində rüşvətsiz sayğac quraşdırmağı təklif edəcəklər. Lakin idarənin əməkdaşları çox uzatmadan öz niyyətlərini büruzə veriblər. Vətəndaşa Rasim Zeynalovdan “salam” gətirdiklərini söyləyən həmin şəxslər, A.Dilbazovu elə öz evinin qarşısındaca qəddarcasına döyüblər...Bu hadisə əlbəttə ki, ilk növbədə Qazax rayonu Qaz İstismar İdarəsinin rəisi Rasim Zeynalovun harınlama dərəcəsinin bir göstəricisidir. Biz isə ümid edirik ki, rayonun hüquq mühafizə orqanları da insidentə operativ reaksiya vermək baxımından Qİİ-nin əməkdaşlarından geri qalmayacaqlar.
Sorğu
Yeni dizaynımız necədir?