Yanvarın 24-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində “Qanun” nəşriyyatının Vergilər Nazirliyinin Vergi Auditi Departamentindən şikayəti üzrə proses keçirilib.
Vergi Auditi Departamenti ötən il noyabrın 1-də “Qanun” nəşriyyatında yoxlama aparıb. Yoxlama zamanı nazirliyin əməkdaşları nəşriyyatdan sənədlər, əlyazmalar və kompüterlər götürüblər. Sənədlər və avadanlıqlar geri qaytarılmayıb. Məhkəməyə üz tutan nəşriyyat axtarışın və sənədlərin götürülməsinin qanunsuz əməl kimi tanınmasını istəyir.
Nəşriyyatın vəkili Müzəffər Baxışov “Media forum” saytına bildirib ki, bu gün prosesə hakim Elçin Məmmədov sədrlik edib: “Məhkəmədə Vergi Audit Departamentinin nümayəndəsi Rac Qədimov, hal şahidi Fuad Əliyev ifadə verdilər. Rac Qədimov bildirdi ki, yoxlama zamanı heç bir qanunsuzluq etməyiblər.
Şahidlər - “Azad İqtisadiyyata Yardım” İctimai Birliyinin rəhbəri Zöhrab İsmayıl, yazıçı Cəlil Hacıyev ifadələrində göstərdilər ki, Vergi Audit Departamentinin təqribən 20 nəfər əməkdaşı “Qanun” nəşriyyatına hücum edib, zor tətbiq edərək nəşriyyatın sənədlərini oğurlayıblar.
Prosesdə “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu da iştirak edirdi. Vergi Audit Departamenti işçilərinə verdiyimiz suallarla onların yalan danışdığını üzə çıxardıq”.
Növbəti məhkəmə proses fevralın 11-nə təyin edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?