Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Füzuli Tanirverdiyevin sosial şəbəkələrdə İraq Kür Muxtariyyətində keçirilən müstəqillik referendumunu dəstəkləyən status və fotolar paylaşmasına laçınlı ziyalılar da etiraz edib.
Bunun ardınca sosial şəbəkədə bəzilərinin Laçın rayonunda kürdlərin çoxluq təşkil etməsi və əksəriyyətinin guya “kürd referendumu”nu dəstəklədiyi haqda məsuliyyətsiz statuslar ciddi narazılıq yaradıb. Laçın rayon əhalisinin mütləq əksəriyyətinin türk kökənli olmasını bildirən və rayonda yaşayan kürd əsilli əhalinin Azərbaycana sidq-ürəklə bağlılığını vurğulayan ziyalılar türklərlə etnik kürd əhalinin arasında heç vaxt ayrı-seçkilik olmadığını, dostluq-qohumluq əlaqələri ilə bir-birinə bağlandığını, mehriban ailə kimi yaşadığını vurğulayıblar.
Laçın rayonunda bir sıra məsul vəzifələrdə çalışmış ağsaqqal Qəzənfər Hüseynov Karabakhmedia.az-a deyib ki, həmyerlilərimizdən kiminsə İraq Kürdüstanı Muxtariyyatının bayrağını profilində paylaşması Azərbaycana xəyanətdir:
“Azərbaycan dövləti bu məsələdə mövqeyini ortaya qoyub. Ölkəmizin milli maraqları da, beynəlxalq hüquq da İraqın ərazi bütövlüyünün yanındadır. İraq Kürd Muxtariyyəti Yaxın Şərqdə, müsəlman aləmində yeni böyük müharibə ocaqlarının yaranmasına səbəb olan bir addım atdı. Referendumda müzakirə edilən məsələdə ən təhlükəlisi “kənar kürd torpaqlarının” sözləridir, bu düşüncə gələcəkdə təkcə ətrafda yaşayan xalqlar üçün yox, kürdlər üçün də böyük problemlər yaradacaq. Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan, işğal altında qalan Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan və Cəbrayılın bir hissəsini qondarma Kürdüstan adlı xəyali bir dövlətin xəritəsinə daxil ediblər. Düşünürəm ki, bu addımla onlar kürd xalqının özünü bəlaya soxublar və xalqlarımız, ümumilikdə müsəlmanlar arasına növbəti nifaq salmaq istəyirlər.
PKK-ya görə kürdlərə qiymət vermək nə qədər təhqiramizdirsə, bir xırda məmura görə laçınlıları da dəyərləndirmək və laçınlı kürd bacı-qardaşlarımızı ayırmağa cəhd etmək o qədər təhlükəlidir. Hesab edirəm ki, bu olayı da səlahiyyətli orqanlar araşdırıb, qanuni tədbir görməlidilər, əgər bu adamın hərəkətlərində Azərbaycana qarşı zərər vuracaq hallar varsa, cəzasını da almalıdır. Azərbaycandakı kürdlərlə bizə eyni adamlar, eyni lülədən atəş açıbdır. Bu müharibədə bizimlə yanaşı nə qədər kürd həlak oldu, nə qədəri ağır yaralandı, əlil oldu. Mənim ən yaxın dostlarımdan biri - Laçının Şeylanlı kəndindən kürd əsilli Fərəc Ədilovdur. Onun gözü qarşısında anası özünü daşmış çaya ataraq həlak etmişdi ki, erməni əlinə düşməsin. Bu bütün xalqımızın faciəsidir, azərbaycanlılar bu faciəni bir yerdə daşıyırlar”.
Laçın alayının keçmiş komandiri Arif Paşayev bildirib ki, Azərbaycanı sevən hər kəs – talış, kürd, ləzgi, tat, ingiloy can və qan qardaşımdır: “Laçınlılar separatizmə qarşı (təkcə erməni separatizminə qarşı yox) ilk savaşan və separatizmin yaratdığı faciəni ilk olaraq öz talelərində hiss edən bölgələrdən birinin əhalisidir. Biz birləşib separatizmə qarşı savaşanda indi laçınlıların haqqında ağlına gələni yazanlar harada idilər? Bir məmura görə Laçın rayonunun 73 minlik əhalisini də, bu əhalinin 3 minini təşkil edən kürd qardaşlarımızı da heç kəs suçlaya bilməz”.
Tanınmış hüquqşünas Ərşad Hüseynov: “Şübhəsiz ki, dövlət qulluğunda olan bir şəxsin belə məsuliyyətsiz fikirləri yolverilməzdir. Əgər nəzərə alsaq ki, beynəlxalq aləmdə həmin referenduma sevinən yeganə dövlət Ermənistandır, onda bu tipli yanaşmanın kimlərin dəyirmanına su tökdüyü aydın olur.
Hesab edirəm ki, heç bir Azərbaycan vətəndaşı belə mövqe tuta bilməz. Buna yol verənlər isə həm qanunla öz əməllərinin qarşılığını almalı, həm də cəmiyyət onlara öz yerini göstərməlidir.
Ən pisi odur ki, bəzi nadanlar bunu bütün Laçın camaatının adına çıxmaq istəyirlər, sanki bu tipli mövqe sahibi olan laçınlı axtarırlar. Bu da çox təhlükəli bir naşılıqdır. Məncə, kimlərsə bunu cəmiyyətgə gərginlik yaratmaq üçün qəsdən edirlər, bunun da qarşısı alınmalıdır. Çünki bir nadanın belə yazısını görən minlərlə məlumatsız adam hər eşitdiyini həqiqət kimi qəbul edir. Həqiqət isə odur ki, belə referendum nəinki bütün Laçın camaatı tərəfindən, hətta bizim rayonun əhalisinin təxminən 5%-ni təşkil edən kürdlər tərəfindən də dəstəklənmir. Laçınlı kürdlər də yaxşı bilirlər ki, bu təhlükəli siyasi oyundur və yeni fəlakətlər, qardaş arasında yeni qan-qırğın vəd edir”.
“Laçın yurdu” jurnalının baş redaktoru Arif Məmmədli: “Mәnim münasibәtim birmәnalıdır. Əvvəla, milli tәrkibinә görә Laçın bütövlükdә türk rayonudur. Bilәrәkdәn vә ya bilmәyәrәkdәn bir-iki nәfәrin şәxsi mövqeyini bütün laçınlıların adına yazmaq tәәssüf doğurur. Laçının 125 kәndi vә 1 qәsәbәsi olub. Bu kәndlərin 8-dә kürd qardaşlarımız yaşayıb. Heç bir zaman da bu iki millәt arasında ayrı-seçkilik olmayıb, biri-birinә qaynayıb-qarışıblar, qız alıb-vermişik, qohum, dost olmuşuq.
Mən laçınlıları tәmkinli olmağa, maraqlı qüvvәlәrin provakasiyasına uymamağa çağırıram. Sosial şәbәkәlәrdә insanların şәxsi emosiyalarından istifadә edәrәk qızışdırıcı mövqe tutanlara türklәrin dә, kürdlәrin dә tәpkisi sәrt olmalıdır. Bunu bizdәn Qarabağ döyüşlәrindә ermәni vandallarına qarşı vuruşan zaman şәhid olmuş türklәrin vә kürdlәrin müqәddәs ruhları tәlәb edir”.
Tanınmış jurnalist Sultan Laçın: “Öncə onu xatırladım ki, biz laçınlı, kəlbəcərli, qubadlılı, cəbrayıllı, kürd, türk, talış, ləzgi və s. olmazdan öncə azərbaycanlı, ondan da öncə insan və ən başlıcası, müsəlmanıq.
Allah, Quranda buyurduğu kimi, insanları sınaq üçün irqlərə, millətlərə böldü. Və hər millət, hər xalq arasında Allah yolu tutanlar da, İblis yolu gedənlər də meydana çıxdı. Müsəlman heç bir halda haqqı, gerçəyi danmamalıdır, dinindən, milliyyətindən asılı olmayaqraq heç kəsin torpağına, malına, mülkünə göz dikməməlidir. Azərbaycan tarix boyu müxtəlif din və millət nümayəndələrinin mehriban, dinc yaşadığı yurd olub. Bu sabitliyi, bu sülhü imperialist, sümürgəçi dünya güclərinin fitvasıyla yalnız ermənilər pozub. Onlar da torpaqlarımızı işğal etsələr də, bütövlükdə insan kimi yaşamaqdan məhrumdurlar və artıq günahlarını anlamaqdadırlar... Ölkəmizdə digər din, millət nümayəndələri arasında heç bir problem yaşanmayıb. O cümlədən kürdlərlə. Azərbaycandakı kürdlər hamısı müsəlmandır.
Azərbaycanda, işğal altındakı bölgələrdə, o cümlədən Laçında kürdlərlə çiyin-çiyinə əsrlərlə yaşamışıq, qaynayıb-qarışmışıq, qohumlaşmışıq, dostlaşmışıq, bir yerdə işğalçılara qarşı döyüşmüşük. 1988-1994-cü illərdəki Qarabağ savaşında neçə-neçə kürd oğlu şəhid olub. Elə son aprel döyüşlərində də Laçından şəhid olan əsgərlərimizdən biri kürddür. Bütün bunları kənara qoyub hansısa Conun, Ariyelin, yaxud İvanın yalançı vədləriylə İraqda müsəlman türkman qardaşlarımızın qanı üzərində qondarılan “dövlət”ə dəstək verərək öz qohumlarımız dostlarımızla üz-üzə gəlməliyikmi? Bir vəzifəli cahilin xəyanəti ucbatından emosiyalara qapılıb düşmən güclərin ssenarisinə uyğun qarşıdurmalara getmək olmaz...
Bu gün hər bir Azərbaycan vətəndaşı dərk etməlidir ki, hazırkı mürəkkəb geosiyasi durumda “İraq Kürdüstanı”nın “müstəqilliyi”nə dəstək vermək – dolayısıyla qondarma “Dağlıq Qarabağ Respublikasının müstəqiliiyinə” dəstək vermək, yəni işğalçı ermənilərə arxa durmaqdır...
Hər kəs düşünsün: Kataloniyadan üzü bəri başlanan proses nə ilə nəticələnə bilər, sonda Avropada Şotlandiya da, İrlandiya da, Rusiyada Tatarıstan, Çeçenistan, İnquşetiya, Başqırdıstan, Kalmıkiya, Yakitiya və s. də, Çində uyğur türkləri, ABŞ-da Texas, Kaloforniya və s. ayrılmaq, müstəqil dövlət tələb etməyəcəkmi? Bunun sonunun nə ilə nəticələnəcəyini təsəvvür edin. Övladlarımızın indikindən də daha qarışıq, daha gərgin bir dünyada yaşamasını istəməyənlər belə təxribatçı oyunlara getməməlidir...”
Xəzər Universitetində tarix müəllimi Arif İbrahimli: “Son günlərin təəssüf ki, bir separatçının mövqeyi cəmiyyətimizdə haqlı səs-küyə səbəb oldu. Bu insan sadə bir vətəndaş, vəzifə sahibi olmasaydı, bəlkə də onun sayaqlamasının nəticələri belə olmazdı. Füzuli Tanirverdiyev Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiridir. Təəssüf ki, hələ də o, vəzifədə qalıb. Ona görə də onun sözləri narahatlıq doğurdu, insanları haqlı olaraq narazı saldı. Füzuli Tanirverdiyevin öz millətini, öz xalqını sevmək haqqı var. Ancaq bundan sui-istifadə etməklə yaşadığı dövlətin milli dəyərlərinə, dövlət atributlarına qarşı yaramazlıq etmək, “pasportumu yandıraram” deyib hədələmək kimsənin haqqı deyil. Hər kim olursa olsun, belə bir adam istər ictimai, istərsə də dövlətin lazımi strukturları tərəfindən cəzalandırılmalıdır. Əks halda füzulilərin sayı artacaq, separatizmin sərhədləri də genişlənəcək. Bir məsələni də qeyd edim ki, belələri tək deyil, hətta az da deyil. Məni narahat edən digər səbəb isə Laçından olan bir separatçının Bərzanini dəstəklədiyinə görə 73 minlik Laçın əhalisinin günahlandırılmasıdır. Laçın rayonun əhalisinin tərkibi 2009-cu il əhalinin siyahıyaalınması məlumatına əsasən, 66671 nəfərini azərbaycanlılar, 1914 nəfərini kürdlər, 464 nəfərini türklər, 28 nəfərini ruslar, 10 nəfərini isə digər millətlərin nümayəndələri təşkil edir. Digər bir tərəfdən, ölkənin 60-a yaxın şəhər və rayonunda yaşayan Laçın sakinləri arasında heç bir vaxt türk-kürd problem olmayıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşərək canından keçən, göstərdiyi igidliklərə görə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüş 6 nəfər Laçın sakini arasında milliyyətcə kürd olan Kamil Nəsibovun da olması bütün suallara aydınlıq gətirir. Füzuli Tanirverdiyev kimilərinin bu kimi hərəkətlərilə laçınlılıq, Laçın adı ləkələnə bilməz!”/axar.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?