Oktyabrın 1-də Daşkəsən Rayon İcra Hakimiyyəti ilə Daşkəsən Rayon Prokurorluğunun birgə təşkilatçılığı ilə prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 100-cü ildönümü münasibətilə tədbir keçirilib.
GundemXeber.Az bildirir ki, tədbirdən öncə rayon rəhbərliyi və tədbir iştirakçıları rayon mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra bayram tədbiri Heydər Əliyev Mərkəzində davam edib. Tədbir iştirakçıları Daşkəsən Rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotolara və eksponatlara baxış keçiriblər.
Tədbiri giriş sözü ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev deyib:
- Bu gün Respublikamızın prokurorluq orqanlarının bütün əməkdaşları, bütövlükdə ölkənin hüquq ictimaiyyəti prokurorluq işçilərinin peşə bayramını və Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 100-cü ildönümünü yüksək əhval-ruhiyyə ilə qeyd edirlər.
Mən başda Respublikanın Baş Prokuroru, birinci dərəcəli dövlət ədliyyə müşaviri hörmətli Zakir Qaralov olmaqla, bütün prokurorluq işçilərini, həmçinin Daşkəsən rayon prokuroru baş ədliyyə müşaviri Elman Süleymanovu və kollektivini 1 oktyabr prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan Prokurorluğunun yaradılmasının 100-cü ildönümünü münasibətilə ürəkdən təbrik edir, sizlərə bu məsul və şərəfli işinizdə yeni-yeni uğurlar arzulayıram.
Hər bir dövlətin müstəqilliyini şərtləndirən, onu əbədiləşdirən amillər ilk növbədə qanunların aliliyinin təminatından, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinin keyfiyyətindən və ədalət mühakiməsinin beynəlxalq tələblərə uyğunlaşdırılmasından asılıdır.
Ümummilli Lider Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra respublikada qanunun aliliyinin təmin olunmasını, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını özünün başlıca fəaliyyət prinsiplərindən elan etmiş, bu ali məqsədlərin gerçəkləşdirilməsinə yönəlmiş çoxşaxəli islahatların həyata keçirilməsini daim diqqətdə saxlamışdır. Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında Ümumxalq Referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası zamanın tələbi ilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və müasirləşməsinə ciddi təminat yaratdı.
Prokurorluq orqanlarının qanunçuluğun və hüquq normalarının etibarlı təminatı sahəsində nüfuzlu təsisata çevrilməsi, yenidən təkmilləşdirilərək fəaliyyətini dövrün tələbləri səviyyəsində qurması məhz Heydər Əliyevin rəhbərliyi altında aparılmış mütərəqqi islahatlar nəticəsində mümkün olmuşdur. Ulu Öndərin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə oktyabr ayının 1-i respublikada prokurorluq işçilərinin peşə bayramı günü elan olunmuş, eyni zamanda Heydər Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi altında Azərbaycan Respublikasında Prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Bu addım prokurorluq orqanları əməkdaşlarının fəaliyyətinə verilən yüksək qiymətlə yanaşı, həm də Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ənənələrinin bərpası olmuşdur. Ulu Öndər Azərbaycan prokurorluğu haqqında belə demişdir: "Mən, Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram”.
Xatırlatmaq lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində yaradılaraq əsası qoyulmuş milli prokurorluq orqanları məhkəmə sistemində fəaliyyət göstərmişdir. Sovetlər dövründə yenidən yaradılaraq sinfi dövlət maraqlarına xidmət etmiş, səlahiyyətləri hədsiz geniş olan prokurorluq orqanlarının fəaliyyəti uzun illər ərzində hakimiyyət bölgüsü prinsipi ilə uzlaşdırılmamışdı. Yalnız Heydər Əliyevin zəngin idarəetmə təcrübəsinə malik olaraq məharətlə həyata keçirdiyi dövlət quruculuğu prosesi nəticəsində hər bir dövlət qurumunun, o cümlədən prokurorluğun dövlət idarəetmə mexanizmində yeri və rolu dəqiq müəyyən edilmişdir.
26 aprel 2000-ci il tarixdə Ulu Öndərin prokurorluq orqanlarının rəhbər işçiləri ilə tarixi görüşündən sonra həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində prokurorluq orqanlarında köklü
islahatlar və struktur dəyişiklikləri aparılmış, demokratik mahiyyətdə tamamilə yenidən formalaşdırılmış bu orqanın normal və səmərəli fəaliyyəti üçün qanunvericilik əsasları yaradılmışdır. Həmin görüşdə dərin məzmunlu nitq söyləyən Ümummilli Lider Heydər Əliyev prokurorluq orqanlarının fəaliyyətində əvvəllər yol verilmiş nöqsanların və çatışmazlıqların aradan qaldırılması üçün konkret tapşırıqlar vermişdir.
Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin prokurorluğa dövlət qayğısı və diqqəti ən yüksək səviyyədədir. Möhtərəm Prezidentin müvafiq fərman və sərəncamları ilə təsdiq olunmuş Dövlət proqramlarının icrası nəticəsində prokurorluq orqanlarında bütün sahələrdə səmərəliliyin artırılması, əməkdaşların peşəkarlığının yüksəldilməsi, həmçinin yeni nəsil prokurorluq işçilərinin formalaşdırılması və onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində konkret tədbirlər həyata keçirilmişdir.
Bu gün 1 oktyabr prokurorluq orqanları işçilərinin peşə bayramı günüdür və Azərbaycan prokurorluğunun yaradılmasının 100-cü ildönümü tamam olur. Bayram münasibətilə prokurorluq orqanlarının hər bir işçisini, veteranları və onların ailə üzvlərini təbrik edir, prokurorluğun yüksək mövqe tutan bir qurum kimi formalaşmasında Ulu Öndərin misilsiz əməyini minnətdarlıq hissi ilə qeyd edirik. Hər zaman Azərbaycan prokurorluğuna diqqət və qayğısını əsirgəmədiyi üçün möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk!
Baş prokuror, birinci dərəcəli dövlət ədliyyə müşaviri hörmətli Zakir Qaralov Daşkəsən rayon prokuroru Elman Süleymanovun fəaliyyətini yüksək qiymətləndirərək onu “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif etmişdir. Bu təltifi bütün daşkəsənlilərə göstərilən böyük diqqət kimi qəbul edib Baş prokuror, birinci dərəcəli dövlət ədliyyə müşaviri hörmətli Zakir Qaralova dərin təşəkkürümüzü bildiririk.
Daşkəsən rayon Prokurorluğunun hər bir əməkdaşı bu orqana dövlət səviyyəsində göstərilən etimadın məsuliyyətini dərindən dərk etməklə, işlərini müasir tələblər səviyyəsində qurmaq, prokurorluqda formalaşmış sağlam iş mühitini daha da möhkəmləndirmək, cəmiyyətdə prokurorluğa artan ictimai etimadı qoruyub saxlamaq üçün bütün qüvvələrini səfərbərliyə almışdır. İnanırıq ki, öz peşə bayramını qeyd edən prokurorluq əməkdaşları bundan sonra da ölkəmizdəki mütərəqqi islahatların reallaşdırılması istiqamətində xidmət göstərəcək, rayonumuzun digər dövlət təsisatları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin, dövlətçiliyimizin maraqlarının cinayətkar qəsdlərdən qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində yaxından iştirak edəcəklər.
Prokurorluq işçilərinin peşə bayramı bir daha da mübarək olsun!
Yaşasın Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan!
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə eşq olsun!
Sonra çıxış edən Daşkəsən rayon prokuroru baş ədliyyə müşaviri Elman Süleymanov Azərbaycan prokurorluğunun yaranması və inkişafı yolundan danışaraq “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilməsinə görə təşəkkürünü ifadə edib. Çıxışının sonunda o qeyd edib ki, Daşkəsən rayon Prokurorluğu olaraq üzərilərinə düşən məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da daha böyük səy və fədakarlıqla çalışacaqlar. Digər çıxış edənlər də prokurorluq işçilərinin peşə bayramı münasibətilə öz səmimi təbriklərini çatdırıblar. Tədbirin sonunda Rayon Heydər Əliyev Mərkəzinin önündə xatirə şəkli çəkilib.
Elmar ƏLİYEV RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı
Sorğu
Yeni dizaynımız necədir?