Bu gün Daşkəsən rayonunda Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
Bayram tədbirində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, məhkəmə işçiləri, ədliyyə qulluqçuları, ağsaqqallar və ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə rayon mərkəzidə ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla anıblar.
Peşə bayramlarını iftixar hissi ilə qeyd edən rayonun ədliyyə işçiləri rayonun Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının da əziz xatirəsini anıb, şəhid məzarları üzərinə gül dəstələri düzüblər.
Bundan sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu fotolara baxıblar.
Rayonun Heydər Əliyev Mərkəzdə keçirilən tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxış edib. O, çıxışında deyib:
- Daşkəsən Rayon Məhkəməsinin sədri hörmətli Əliyev Azad Allahverdi oğlu – sizi və kollektivinizi 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə başda hörmətli Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayev olmaqla səmimi qəlbdən təbrik edirəm, sizlərə möhkəm cansağlığı və şərəfli işinizdə yeni-yeni uğurlar arzulayıram.
Bildiyiniz kimi milli dövlətçiliyimizin inkişafında müstəsna rolu olan ədliyyə işçilərinin peşə bayramının qeyd edilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu bayram günü ümummilli liderimiz Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis olunmuşdur.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra xalqımızın xilaskarı, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, zəngin ənənələrə malik Azərbaycanın ədliyyə orqanları sahəsində də əsaslı islahatlar aparılmağa başlandı. Bu dövrdə ulu öndərin bilavasitə sədrliyi ilə Hüquqi İslahat Komissiyası yaradıldı və qısa müddət ərzində hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən quruldu. Bütün hüquqi əsas qanunlar beynəlxalq hüquq normalarının tələbləri nəzərə alınmaqla ölkəmizdə yeni hüquqi qanunvericilik bazası yaradıldı.
Ümummilli liderimizin dövlət quruculuğu xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə mühüm qərarlar qəbul olunmuşdur. Ölkə başçısının insan hüquqlarının etibarlı qorunması, hüquqi xidmətin yaxşılaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması barədə tapşırıqlarının icrası üzrə görülmüş tədbirlər nəticəsində Ədliyyə Nazirliyi öz inkişafının müasir mərhələsinə qədəm qoymuş, məhkəmə-hüquq islahatları prosesi keyfiyyətcə yeni səviyyəyə qalxmış, ədliyyə və məhkəmə infrastrukturu əhəmiyyətli dərəcədə yeniləşdirilmişdir.
Bu gün Azərbaycanda müşahidə olunan iqtisadi inkişaf ədliyyə orqanlarının fəaliyyətində də öz əksini tapmışdır. Bunun nəticəsidir ki, ədliyyə işçilərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması daim Ölkə Başçısının diqqət mərkəzindədir.
Bildiyiniz kimi cari ilin 14 iyul tarixində ədliyyə naziri hörmətli Fikrət Məmmədov Daşkəsən rayonunda vətəndaşların qəbulu keçirmişdir. Səfər zamanı hörmətli ədliyyə naziri Daşkəsən Rayon Məhkəməsinin əsaslı təmir olunmuş inzibati binasında olaraq rayonun məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti, onların iş şəraiti ilə tanış olmuş, hakim və ədliyyə işçiləri ilə müşavirə keçirmiş, öz tapşırıq və tövsiyələrini vermişdir.
Möhtərəm Prezident cənab İlham Əliyevin 14 oktyabr 2017-ci il tarixli müvafiq Sərəncamı ilə Əliyev Azad Allahverdi oğlu Daşkəsən Rayon Məhkəməsinin sədri təyin olunmuşdur.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlətçilik amallarına sadiq qalaraq ölkəmizin hərtərəfli tərəqqisində və demokratik-hüquqi dövlət quruculuğu işində möhtərəm Prezidentimizə layiqli yardımçı olmaq üçün bundan sonra da Daşkəsən Rayon Məhkəməsi və kollektivi əzmkarlıqla və məsuliyyətlə çalışacaqlar.
Bir daha da Daşkəsən Rayon Məhkəməsini və ədliyyə işçilərini 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Daşkəsən rayon ictimaiyyəti və şəxsən öz adımdan ürəkdən təbrik edir, sizlərə şərəfli işlərinizdə nailiyyətlər arzulayıram.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin çıxışından sonra Daşkəsən Rayon Məhkəməsinin sədri Azad Əliyev çıxış edərək başda Azərbaycan Respublikasının Ədliyyə Naziri, Məhkəmə-Hüquq Şurasının Sədri Fikrət Məmmədov olmaqla, bütün ədliyyə işçilərini peşə bayramı günü münasibətilə təbrik edib işlərində yeni-yeni müvəffəqiyyətlər arzulayıb. Azad Əliyev çıxışında qeyd edib ki, məhkəmə hakimiyyətinin yüksək statusu nəzərə alınaraq məhkəmə infrastrukturunun müasirləşdirilməsi və elektronlaşdırılması istiqamətdə son illər böyük işlər görülüb. Ədliyyə işçiləri də ölkəmizin müasir inkişafına uyğun öz vəzifələrini layiqincə yerinə yetirmək, Dövlət başçısının ətrafında sıx birləşərək demokratik-hüquqi dövlət quruculuğu, Azərbaycan ədliyyəsinin davamlı inkişafı üçün bundan sonra da fədakarlıqla çalışmaq əzmindədirlər.
Respublikada aparılan uğurlu məhkəmə-hüquq islahatları və ədliyyə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyi, qanunun aliliyinin təmin edilməsi ilə bağlı mütərəqqi hüquqi qanunvericilik bazasının yaradılması barədə geniş məlumat verən Azad Əliyev göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə bütün kollektivi adından minnətdarlığını bildirib.
Tədbirdə iştirak edən rayon ictimaiyyəti nümayəndələri ədliyyə orqanları əməkdaşlarını peşə bayramları günü münasibətilə təbrik ediblər.
Sorğu
Yeni dizaynımız necədir?