Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev təsdiq edilmiş qrafikə uyğun olaraq rayonun ucqar dağ ətəyində yerləşən Qaratağlar kəndində oktyabrın 17-də vətəndaşların növbəti səyyar qəbulunu keçirib.
Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və xidmət təşkilatlarının rəhbərləri, ərazinin icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev giriş nitqində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər bir ərazisində olduğu kimi, Daşkəsən rayonunda da bütün sahələrdə inkişafın olduğunu və genişmiqyaslı abadlıq-quruculuq işlərinin aparıldığını qeyd edərək sakinlərin rifahının daha da yaxşılaşması istiqamətində məqsədyönlü tədbirlərin daim həyata keçirildiyini bildirib. Daha sonra Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev sakinlərin müraciətlərini ayrı-ayrılıqda dinləyib.
Hər bir sakinin probleminə diqqətlə yanaşan Əhəd Abıyev vətəndaşların müraciətlərinin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq həllinə dair aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib. Səyyar qəbulda sakinlərin müraciəti əsasən kənd ərazisində olan su keçidinin təmir olunması, istismara yararsız vəziyyətə düşmüş elektrik dirəklərinin və naqillərinin dəyişdirilməsi, kəndə təbii qaz xəttinin çəkilməsi, kənd ümumi orta məktəbinin pəncərələrinə şüşələrin salınması, işlə təmin olunma və digər məsələlərlə bağlı olmuşdur. Sakinlər tərəfindən qaldırılan məsələlərin əksəriyyəti Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin müvafiq göstərişi ilə yerindəcə həll edilib, bəzi müraciətlərlə bağlı isə aidiyyəti qurumlara tezliklə qısa müddət ərzində həll edilməsi tapşırılıb. Sakinlər onların müraciətlərinə baxılması üçün yaradılan yüksək şəraitdən razılıq edərək göstərdiyi ali diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?