Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış Ağaqədir Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Umuhani Nəhmətova ifadə verib. O bildirib ki, 2012-ci ilə qədər Şəhriyar qəsəbəsinin nümayəndəliyində çalışıb, təhsili olmadığı üçün işdən çıxarılıb. Şahid qeyd edib ki, bir müddət əvvəl əkin pulu almaq üçün idarəyə gedib: "Orada köhnə iş yoldaşım Ağaqədir müəllimlə görüşdüm. Onunla uzun müddət bir yerdə çalışmışdım. Sonra Ağaqədir müəllim mənə bir kağız gətirib, onu doldurmağımı xahiş etdi. Əvvəllər bu işi bacardığım üçün Ağaqədir müəllimin xahişini yerinə yetirdim". Daha sonra dövlət ittihamçısının suallarını cavablandıran U.Nəhmətova həmin vaxt mərhum Minə Əhmədova ilə bağlı heç nə bilmədiyini deyib. Prokuror söyləyib ki, şahid ilkin ifadəsində istintaqa bu barədə heç nə deməyib. U.Nəhmətova isə "istəmirdim ki, Ağaqədir müəllimi tutsunlar, ona görə də heç nə söyləmədim" cavabını verib. Dövlət ittihamçısı məhkəmədə elan edib ki, U.Nəhmətova A.Osmanovun xahişi ilə 2008-ci ildə vəfat etmiş Minə Əhmədovanın ölümü ilə bağlı şəhadətnaməni boş blankda doldurub. Məhkəmənin növbəti iclası yanvarın 16-na təyin edilib. Qeyd edək ki, Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış A.Osmanov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət vermə), 178-ci (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Zərərçəkmiş qismində 3 nəfər - Rean Bulut qızı Balatova, Gülqız Bədəl qızı Həmidova və Əmir Sehrab oğlu Bəkirov tanınır./Report
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?