Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvətə təhrik etmədə təqsirləndirilən Mətləb İlyasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. M.İlyasov özünü təqsirli bilmədiyini deyib. O, sərbəst ifadəsində heç kəsə qarşı dələduzluq etmədiyini, eyni zamanda rüşvətə təhrik etmədiyini söyləyib: "Bu işdə mənim heç bir günahım yoxdur". Məhkəmənin növbəti iclası noyabrın 7-nə təyin edilib. İttiham aktına əsasən, M.İlyasov bir neçə şəxsə qarşı dələduzluq edib. O, həmin şəxsləri işə düzəldəcəyinə və onların yaxın qohumlarını həbsdən azad etdirəcəyinə vəd verib. Lakin sonradan M.İlyasov verdiyi vədə əməl etməyib. Həmin şəxslərin şikayəti əsasında həbs edilən M.İlyasovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq, külli miqdarda), 34, 312-ci (rüşvətə təhrik etmə) və 320-ci (sənədləri məhv etmə) ittiham irəli sürülüb. Bu cinayət işi üzrə daha əvvəl Gəncə Ağır Cinayətlər Məhkəməsində hökm çıxarılıb. M.İlyasov hökmdən apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi isə hökmü ləğv edib. Qərarda bildirilib ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır. Xatırladaq ki, M.İlyasov Pentensiar Xidmətinin keçmiş əməkdaşı olub. Məhkəmənin hazırlıq iclasında o, hazırda təqaüddə olduğunu bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?