Yanvarın 14-də Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Kəmərqaya kəndində vətəndaşların səyyar qəbulunu keçirib.
F.Ələsgərov adına Kəmərqaya kənd tam orta məktəbində keçirilən qəbulda Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev bildirib ki, ölkə Başçısı cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin problemlərini öyrənmək üçün rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri ilə birgə yerlərdə səyyar görüş-qəbullar keçiririk. Rayon əhalisinin rifahının yaxşılaşdırılmasında, qarşıya çıxa biləcək problem və təkliflərin öyrənilməsində bu kimi qəbulların müstəsna əhəmiyyəti vardır. Rayon İcra Hakimiyyətində bu amilə xüsusi həssaslıqla yanaşılır, vətəndaşlar tərəfindən irəli sürülmüş təkliflər öyrənilir və araşdırılaraq lazımi tədbirlər görülür.
Rayon İcra Hakimiyyətinin Başçısı qeyd edib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları nəticəsində respublikanın bütün regionları ilə yanaşı Daşkəsəndə də bir çox işlər görülmüşdür. Son illər rayonda görülən genişmiqyaslı tikinti, quruculuq və abadlıq işləri Kəmərqaya kəndinin də inkişafına təsir göstərib. Kəmərqaya kəndi turizmin inkişafı üçün böyük potensiala malikdir və ildən-ilə kəndə istirahət üçün gələn yerli turistlərin sayı artmaqdadır.
Əhəd Abıyev çıxışında onu da vurğulayıb ki, ötən illərdə F. Ələsgərov adına Kəmərqaya kənd tam orta məktəbində, kəndin elektrik və rabitə xətlərində təmir-bərpa işləri aparılmış, yol infrastrukturu yaxşılaşdırılmış, ən əsası isə kəndin tezliklə qazlaşdırılması nəzərdə tutulmuşdur.
Sonra sakinlərin müraciətləri dinlənilib. Sakinlər müraciətlərində kəndin qazlaşdırılmasını, yeni su xəttinin çəkilməsini və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev sakinlər tərəfindən qaldırılmış müraciətlərin icrasına dair aidiyyəti idarə, müəssisə və təşkilatlara tapşırıqlarını verib. Əksər müraciətlər yerində həll edilib.
Sakinlər görülən işlərə, yaradılan şəraitə, onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Təsdiq edilmiş qrafikə uyğun olaraq Kəmərqaya kənd sakinlərinin səyyar qəbulundan sonra Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Kəmərqaya kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2018-ci ildəki fəaliyyətinə və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı da keçirilib.
F. Ələsgərov adına Kəmərqaya kənd tam orta məktəbdə keçirilmiş hesabat yığıncağında Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, Kəmərqaya bələdiyyəsinin üzvləri, eləcə də kənd sakinləri iştirak ediblər.
Yığıncağın aparılması üçün sədr və katib seçildikdən, gündəlikdə duran məsələlər səsləndikdən sonra kənd icra nümayəndəsi Qurban Səfərov hesabat məruzəsi ilə çıxış edib.
Məruzəsində Kəmərqaya kənd icra nümayəndəsi Qurban Səfərov Kəmərqaya kəndində tikinti-abadlıq, quruculuq işlərinin davam etdirildiyini diqqətə çatdırıb. O bildirib ki, hesabat dövründə də hər il olduğu kimi nümayəndəlik tərəfindən təsərrüfatbaşına kitabı yoxlanılmış, aparılmış qeydlər bir daha dəqiqləşdirilmiş və bu işlər il ərzində mütəmadi olaraq davam etdirilmişdir. Kəndin infrastrukturunun yaxşılaşdırılması, əhalinin problemlərinin həlli, fasiləsiz elektrik təchizatı və içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində xeyli iş görülmüşdür. Belə ki, kəndin yolu və həmin yol üzərində yerləşən təbii fəlakətdən qəzalı vəziyyətə düşmüş körpüdə, əsas su xəttində təmir işləri aparılıb, bütün elektrik dirəkləri yenisi ilə əvəzlənib, sakinlər tibbi müayinədən keçirilib, müxtəlif sosialyönümlü tədbirlər icra edilib.
Sonra məruzə ətrafında çıxışlar edilib. Çıxışlarda problemlərdən danışılıb, onların aradan qaldırılması yolları göstərilib, qarşıda duran vəzifələrdən bəhs olunub. Çıxış edənlər nümayəndəliyin hesabatını qənaətbəxş hesab edərək görülən işlərə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Hesabat yığıncağında çıxış edən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev yola saldığımız 2018-ci ilin ölkəmizin tarixinə daha bir uğurlu il kimi daxil olmasından danışıb. Ulu Öndər Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qarşıya qoyulan hədəflərə doğru inamla irəlilədiyini bildirib. Ötən ildə də “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Daşkəsən rayonunda uğurla icra edildiyini qeyd edən Əhəd Abıyev möhtərəm Prezident cənab İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu iqtisadi islahatlar, o cümlədən Daşkəsən rayonunda həyata keçirilmiş abadlıq və quruculuq işləri, yeni layihələr barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verib, yaradılan yeni iş yerlərindən söz açıb. Əhəd Abıyev Kəmərqaya kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində mövcud olan çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi məqsədilə aidiyyəti şəxslərə təlimat və tapşırıqlarını verib.
Sonda Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Əhəd Abıyev YAP sıralarına qəbul olunmuş gənclərə partiyanın üzvlük vəsiqələrini təqdim edib, üzvlüyə qəbul olunmaq istəyən sakinlərin də ərizələri qeydə alınıb.
Elmar VÜQARLI Azərbaycan Yazıçılar Birliyinin üzvü
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?