Dünən Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinlərinin iştirakı ilə Quşçu kəndində vətəndaşların səyyar qəbulunu keçirib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxışında Quşçu kənd sakinləri ilə dəfələrlə görüşdüyünü və həmin görüşlərdə qaldırılan məsələlərin həlli istiqamətində müvafiq işlərin görüldüyünü bildirib. O qeyd edib ki, ötən dövrlərdə kənddə tam müasir tələblərə cavab verən 360 şagird yerlik yeni məktəb binası tikilmiş, uşaq bağçası əsaslı təmir edilmiş, abadlıq işləri aparılmış, əhalinin içməli su və elektrik enerjisi ilə fasiləsiz təmin olunması sahəsində mövcud olan problemlər aradan qaldırılmışdır.
Əhəd Abıyev çıxışında xüsusilə vurğulayıbdır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev 2018-ci ildə Azərbaycanda qazlaşdırılacaq yaşayış məntəqələrinin siyahısını təsdiq etmişdi. Həmin Sərəncamla Daşkəsən rayonu üzrə 2 yaşayış məntəqəsinin, o cümlədən 2 mindən çox əhalinin yaşadığı Quşçu kəndinin də təbii qazla təchizatı nəzərdə tutulmuşdu. Qısa müddət ərzində kəndin qazlaşdırılması işlərinin yüksək səviyyədə həyata keçirilərək başa çatdırıldığını deyən rayon rəhbəri Quşçu və Bayan kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibətilə ötən ilin dekabrın 27-də keçirilmiş təntənəli açılış mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin və SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin, sakinlər və KİV mənsublarının iştirak etdiyini, kənd sakinlərinin ölkə Prezidentinin bu qayğısını böyük sevinclə və minnətdarlıqla qarşıladıqlarını diqqətə çatdırıb.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev onu da bildirib ki, ərazidə sosial yönümlü, xüsusilə turizmlə bağlı layihələrin icrası bundan sonra da davam etdiriləcəkdir.
Sonra sakinlərin müraciətləri dinlənilib. Müraciətlər kənd ərazisində olan nasaz elektrik dayaqlarının dəyişdirilməsi, kəndə gələn və kənddaxili yolların asfaltlaşdırılması, kənd ərazisinə bankomatın quraşdırılması, işlə təmin olunma və digər məsələlər ilə bağlı olub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev müraciətlərdə qaldırılan məsələlərin icrası ilə əlaqədar aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə tapşırıqlarını verib. Əksər müraciətlər yerində həll edilib.
Kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Quşçu kənd sakinlərinin səyyar qəbulundan sonra təsdiq edilmiş qrafikə uyğun olaraq Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2018-ci ildə gördüyü işlər və 2019-cu ildə qarşıda duran vəzifələr mövzusunda illik hesabat yığıncağı keçirilib.
Quşçu kənd Ə. İsmayılov adına tam orta məktəbdə keçirilmiş hesabat yığıncağında Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, Quşçu bələdiyyəsinin üzvləri, eləcə də kənd sakinləri iştirak ediblər.
Yığıncağın aparılması üçün sədr və katib seçildikdən, gündəlikdə duran məsələlər səsləndikdən sonra kənd icra nümayəndəsi Kərim Kərimov hesabat məruzəsi ilə çıxış edib.
Hesabatını məruzə edən Quşçu kənd icra nümayəndəsi Kərim Kərimov il ərzində ərazidə görülən işlər barədə geniş məlumat verərək bildirib ki, hesabat dövründə kəndin infrastrukturunun yaxşılaşdırılması, əhalinin sosial problemlərinin həlli, fasiləsiz elektrik təchizatı və içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüşdür. Belə ki, kənd folklor evinin dam örtüyü yenilənib, sakinlər təbii qazla təmin olunub, əhali tibbi müayinədən keçirilib, müxtəlif sosialyönümlü tədbirlər aparılıb.
Sonra məruzə ətrafında çıxışlar edilib. Çıxışlarda problemlərdən danışılıb, onların aradan qaldırılması yolları göstərilib, qarşıda duran vəzifələrdən bəhs olunub. Çıxış edənlər nümayəndəliyin hesabatını qənaətbəxş hesab edərək görülən işlərə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Hesabat yığıncağında çıxış edən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev respublikamızın Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kursa uyğun olaraq sürətlə inkişaf etdiyini, möhtərəm prezident cənab İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini və onun rəhbərliyi altında ölkəmizin dünyada güclü, müstəqil, müasir bir dövlət kimi tanındığını vurğulayıb. Həmçinin qeyd edib ki, dövlət başçısının ölkədə işsizliyin tamamilə aradan qaldırılması istiqamətində qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, Daşkəsəndə də iş yerlərinin açılması üçün mövcud imkanlardan maksimum istifadə olunur və AzerGold QSC-nin “Çovdar” filiz emalı sahəsinin Quşçu kənd sakinlərinin daimi işlə təmin edilməsində mühüm rol oynayır.
2019-cu ildə qarşıda duran vəzifələrdən də danışan Əhəd Abıyev bütün işlərə ciddi nəzarət etdiyini və hər bir icra nümayəndəsinin qarşısında konkret vəzifələr qoyduğunu bildirib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində mövcud olan çatışmazlıqların aradan qaldırılması istiqamətində bundan sonra da tədbirlərin görülməsi məqsədilə aidiyyəti şəxslərə təlimat və tapşırıqlarını verib.
Sonda Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Əhəd Abıyev YAP sıralarına qəbul olunmuş gənclərə partiyanın üzvlük vəsiqələrini təqdim edib, üzvlüyə qəbul olunmaq istəyən sakinlərin də ərizələri qeydə alınıb.
Elmar VÜQARLI Azərbaycan Yazıçılar Birliyinin üzvü
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?