Fevralın 5-də İsmayıllı və Ağsu rayonları (Bakıdan 170-190 kilometr qərb) ərazisində axşam saatlarında iki yeraltı təkan qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin ilkin məlumatına görə, yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə İsmayıllı rayonu ərazisində qeydə alınan zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.
Yerli xaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu rayonu ərazisində qeydə alınan zəlzələ isə episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.
Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) bildirir ki, zəlzələ nəticəsində dəymiş ziyan araşdırılır.
Yerli medianın məlumatına görə, zəlzələ zamanı Şamaxı rayonunda dağıntılar baş verib. Nəticədə 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Fevralın 5-də yeraltı təkanlar nəticəsində Şamaxı rayon təcili yardım stansiyasına 20 çağırış daxil olub.
Report agentliyinin məlumatına görə, Şamaxı Rayon İcra Hakimiyyəti və rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları ərazilərə baxış keçirirlər.
Evi uçan və ya qəzalı vəziyyətə düşən sakinlərə evlərə yaxın getməmələri tövsiyə olunub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?