Aprelin 9-da Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbulu Əmirvar inzibati ərazi vahidliyinə daxil olan Qazaxlı kəndində olub.
Qəbulda Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Son illər respublikamızda və Daşkəsən rayonunda görülmüş işlər barədə geniş məlumat verən Əhəd Abıyev rayonun Əmirvar kənd inzibati ərazi vahidliyində də xeyli abadlıq, quruculuq, təmir-bərpa işlərinin aparıldığını, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində daim tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxışında xüsusilə vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq 24,5 km uzunluğunda olan Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun yenidən qurulması işləri hazırda böyük vüsətlə yüksək səviyyədə davam etdirilir.
Əhəd Abıyev görüşdə onu da deyib ki, Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisindən sonra ilə vətəndaşların gediş-gəlişi, yük və sərnişin daşınması daha da asanlaşmış, bu sahədə olan problem tam öz həllini tapmış, yolboyu 9 yaşayış məntəqəsində yaşayan 3 mindən artıq vətəndaşın həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir göstərən kənd təsərrüfatının ayrı-ayrı sektorları inkişaf etmişdir. Bununla yanaşı, yeni tikilən avtomobil yolu ən əsası bölgədə turizmin inkişafına daha geniş imkanlar yaratmışdır. Eyni zamanda bu istiqamətdə bir neçə pilot layihələrin icrası davam edir.
Görüşdə Qazaxlı kənd sakinlərinin müraciətləri dinlənilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev qaldırılan məsələlərin araşdırılması ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə öz tapşırıqlarını verib. Müraciətlərin əksəriyyəti yerindəcə həll edilib.
Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Elmar ƏLİYEV RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?