Gundemxeber.az bildirir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan bir qrup sakin müraciət etmişdir. Qəsəbə sakinləri müraciətlərində sususzluqdan şikayətləniblər. Sakinlər iddia edir ki, evlərinə su çəkilməsinə qəsəbənin bələdiyyə sədri Ramil Orucov və Abşeron Rayon İcra Hakimiyyətinin Hökməli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Müseyib İbrahimov mane olur.
Sayta müraciət edən qəsəbə sakini Kifayət Xəlilova bildirib ki, 2007-ci ildən Hökməli qəsəbəsində yaşayır. Onun sözlərinə görə, evinin yaxınlığından su xətti keçsə də bu günə kimi sakinlər sudan istifadə edə bilmir. K. Xəlilova bildirib ki, qəsəbənin içərisindən keçən ana xəttən su götürmək üçün Azərsu ASC-yə rəsmi şəkildə müraciət edib. Həmin müraciət əsasında texniki şərtə əsasən su xətti çəkilməsinə icazə verilib. Buna baxmayaraq Hökməli bələdiyyəsinin sədri Ramil Orucov və Abşeron Rayon İcra Hakimiyyətinin Hökməli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Müseyib İbrahimov mənzilləri su xəttinə qoşulmağa mane olur. Bu isə sakinlərlə vəzifəli şəxslər arasında insidentə səbəb olub.
“Su xəttinin çəkilməsi ilə bağlı əlimdə sənədlər var. Bələdiyyə sədrinin bu işdə marağı nədir ki, bizə icazə vermir?. Mənə “Azərsu” texniki şərt verib. Onun əsasında da su idarəsindən texnika göndərdilər. İş başlayan kimi Bələdiyyə sədri Ramil Orucov və “kənd soveti” Müseyib İbrahimov əraziyə gəldi. Burada bizimlə çox kobud rəftar olundu. Müseyib İbrahimov hətta bizi ölümlə hədələdi. Dedi ki, bir də buradan bir də su xətti götürmək istəsəniz, sizi güllələyəcəm. Müseyib İbrahimovun təhdidi ilə bağlı bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə də şikayət etmişəm. Hazırda araşdırma gedir.”
Qəsəbə sakini Nazilə Əlipənahova bildirib ki, su xətti evlərinin bir neçə metrliyindən keçsə də, onlara su xəttinə qoşulmağa icazə verilmir. Sakin iddia edir ki, vətəndaşlar pul vermədikləri üçün onlara su xəttinə qoşulmağa icazə verilmir.
“Özüm kasıb ailəyəm. Ayda su maşınına 50-60 manat pul verib su gətizdiririk. Bələdiyyə sədri bizimlə prinsipə dayanıb. Burada gəlib sakinlərlə kobud davranırlar.Bizi su üzünə həsrət qoyublar. Haqqımızı tələb edəndə bizi ölümlə hədələyirlər. Özləri oturublar orda, bizdən xəbərləri yoxdur. Aprel ayından yollarda qalmışıq. Bələdiyyə sədri niyə suyun çəkilməsinə mane olur? Onsuz da problemlərimiz başımızdan aşır. Bu su problemi də bizə əlavə problemdir”, deyə qəsəbə sakini narazılığını ifadə edib.
Digər qəsəbə sakini Ramin Hüseynov bildirib ki, ailə vəziyyəti olduqca acınacaqlıdır. Su xəttinin olmaması isə onların əlavə xərclər çəkməsinə səbəb olur.
“ Evin aşağısından su xətti keçsə də, bizə qoşulmağa icazə vermirlər. Su idarəsinin işçiləri suyu çəkməyə başlayanda Bələdiyyənin sədri və “ kənd soveti” əraziyə gəlib onlarla dava etməyə başladı. Bələdiyyə bizim problemləri həll etmək əvəzinə bizə əlavə problemlər yaradır”, deyə narazı sakin bildirib.
Femida.az vətəndaşların şikayəti ilə bağlı Hökməli bələdiyyəsinin sədri Ramil Orucovla əlaqə saxlayıb. Sədr məsələdən xəbərdar olduğunu bildirib. Ramil Orucov vətəndaşlarla kobud davranış edilməsi iddiasını təkzib edib.
“Su xəttinin çəkilməsinin bələdiyyənin səlahiyyətinə daxil deyil. Bu işə “Azərsu” ASC baxır. Sadəcə şikayət edən vətəndaşlara su xətti çəkilən zaman digər qonşular bizə zəng edib şikayət bildirdilər. Əsas xətdən su çəkmək olmaz. Hər dəfə sakinlər əsas xətdən su götürdükdə suyun təyziqi aşağı düşəcək. Biz bu şikayət əsasında əraziyə getmişik. Orada yaşayan digər vətəndaşlar qonşuların su xəttinə qoşulmasından narazıdır. Mən bununla bağlı “Azərsu ASC”-nin əməkdaşları ilə mübahisə etmişəm. Onlar layihəni düzgün verməyiblər. ”
Bələdiyyə sədri bildirib ki, vətəndaşlar 400 metr məsafədən özlərinə yeni xətt çəkə bilərlər. Burada heç bir problem yoxdur.
Bələdiyyə sədri vətəndaşlardan pul tələb olunması məsələsinə də aydınlıq gətirib.
“Mən onların heç üzünü də görməmişəm. Pul tələb olunması iddiası isə tamamilə əsassızdır”, deyə sədr bildirib.
Femida.az vətəndaşın iddiası ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin Hökməli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Müseyib İbrahimovla əlaqə saxlayıb. O, suallara cavab vermək əvəzinə saytın əməkdaşına çox kobud surətdə münasibət bildirib.
“Mən yaşlı adamam. Hər yoldan keçənin sözünə görə məni narahat etməyin. Sən özünə ayrı iş-peşə tap, ay bala. Get işinlə məşğul ol, məni narahat etməyin”, deyərək dəstəyi asıb.
Müseyib İbrahimovun nəzərinə çatdıraq ki, jurnalistin vəzifəsi hər hansı bir məsələ ilə bağlı məlumat toplamaq və vəzifəli şəxsin də borcu ona aid olan sahədə suallara cavab verməkdir.
“Azərsu” ASC-dən Bələdiyyə sədrinə cavab: Vətəndaşlar su xəttinə qoşula bilər
Məsələ ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. O, açıqlamasında bildirib ki, Abşeron Sukanal İdarəsinin əməkdaşları iki dəfə həmin ərazidə əhalinin su xəttinə qoşulmasını təmin etməyə çalışsalar da, manə ilə üzləşiblər.
“Biz həmin sakinlərə su verməyə hazırıq. Amma ərazidə bizim əməkdaşların işləməsi üçün şərait yaradılmalıdır. Bizə verilən məlumata görə, su xətti olmayan 7-8 ailənin yeni su xəttinə qoşulmasına bir neçə sakin narazılıq edir. Bu səbəbdən də biz orada qarşıdurmaya gedə bilmərik. Problemlə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə də məlumat vermişik. Bizim əməkdaşların orada işləməsi üçün şərait yaradıldığı zaman su xəttini qoşa bilərik.”
Anar Cəbrayıllı həmçinin bildirib ki, sususuz qalan yeddi ailənin həmin su xəttinə qoşulmasının suyun təyziqində heç bir problem yaratmayacaq.
“Orada kifayət qədər su ehtiyatı var. Qeyd olunan ailələrin həmin xəttən su götürməsi suyun təyziqinə təsir etməyəcək.”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?