“Uzun müddətdir ki, əmək hüququmun bərpası ilə əlaqədar müxtəlif instansiyaslara müraciət edərək, kömək göstərilməsini xahiş edirəm. Kiçik bir məsələnin sadə həlli yolu olduğuna baxmayaraq, bu iş aylarla uzadılır, özünün müsbət həllini tapmaq əvəzinə, məsələ daha da gərginləşir”.
GundemXeber.Az bildirir ki, bu sözlər Şirvan şəhər sakini Telman Atamoğlu Atamalıyevin “Hürriyyət”ə məktubunda yer alıb.
“Əmək kitabçam itdiyinə görə, bu iş mənim üçün böyük baş ağrısına çevrilmişdir”
T. Atamalıyev bildirib ki, o, 1980-ci ildən 2005-ci ilin sonunadək Şirvan şəhərində Vişka Quraşdırma İdarəsində işləyib: “1980-82-ci illərdə elektrik montyor, 1982-2003-cü illərdə vişkamontajçı, qüllə quraşdırıcı, 2003-2005-ci illərdə elektrik mühəndisi vəzifələrində çalışmışam. Əmək kitabçam itdiyinə görə, bu iş mənim üçün böyük baş ağrısına çevrilmişdir”.
“Yazmadığım yer, döymədiyim qapı qalmamışdır”
Atamalıyevin sözlərinə görə, Şirvan Şəhər Məhkəməsi işə dəfələrlə baxsa da, məsələ öz həllini tapmır: “Yazmadığım yer, döymədiyim qapı qalmamışdır. Vaxtilə mənimlə birlikdə işləmiş Mustafayev Valeh Yəhya oğlu, Alxazov Ədalət Heybət oğlu, Hüseynov Malik Şaban oğlu, Quliyev Güləhməd Məhəmməd oğlu əmək kitabçaları və yazılı ərizələri ilə mənim əmək stajımı və birgə işlədiklərini notarial qaydada təsdiq etmişlər”.
“Bundan əlavə, notariat şöbəsində təsdiq edilmiş və 784 nömrəli şəhadətnamədə mənim 2003-2005-ci illərdə elektrik mühəndisi işlədiyim təsdiqlənir. Ancaq sadə bir məsələnin bu qədər uzadılması və öz həllini qanunvericilikdə tapmaması yersiz şikayətlərin baş alıb getməsinə, yazışmalara səbəb olur”,-deyə şiakyətçi əlavə edib.
T. Atamalıyev şikayətlərində haqlı olduğu üçün hüquqlarının bərpa edilməsini tələb edir:“Mənim sənədlərim və şahid ifadələri ilə təsdiqlənən əmək stajım təsdiqlənməli və öz həllini tapmalıdır. 29 iyun 2018-ci il tarixli 2-1 (086)-1062/2018 nömrəli qərarı ilə Şirvan İnzibati İqtisadi Məhkəməsi də bunu təsdiq etmişdir”.
Atamalıyev nəzərə çatdırıb ki, o, kiçik sahibkar olaraq vergi ödəyicisidir: “5 saylı ərazi Vergi İdarəsinin 05.11.2019-cu il tarixli arayışı da bunu təsdiqləyir. Həmin arayışda mənim 27.03.2006-cı ildən vergi ödəyicisi olduğum bildirilir. Əslində, əmək stajımın və sənədlərin itirilməsi mənim deyil, bu işə cavabdeh təşkilatların səhlənkarlığı və məsuliyyətsizliyi ucbatından baş verib”.
“Əlac Şirvan Şəhər Məhkəməsinin qərarına qalır”
T. Atamalıyev onu da vurğulayıb ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan flialının 14 oktyabr 2019-cu il 361 saylı arayışı da fikrini təsdiqləyir: “Bu arayışda bildirilir ki, mənim vaxtilə işlədiyim Vişka Quraşdırma İdarəsinin sənədləri arxivə verilməmişdir. Bu səbəbdən asan bir məsələ müşkülə çevrilmişdir. Əlac Şirvan Şəhər Məhkəməsinin qərarına qalır. Ümid edirəm ki, məhkəmə bu işi həll edəcək”.
Sorğu
Yeni dizaynımız necədir?