Ermənistandan maraqlı xəbərlər gəlir. GUNDEMXEBER.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, son məlumatlara görə, İrəvan hökuməti Azərbaycanla sərhəddə yerləşən Sünik vilayətinin bir çox kəndlərinin maliyyələşdirilməsini dayandırıb.
Ermənistanda nəşr olunan “Hraparak” və “Fakt” qəzetlərinin yaydığı məlumata görə, söhbət Şurnuxu, Vorotan, Bərdzirəvan, Teq və daha bir neçə kənddən gedir. Onların iddiasına görə, baş nazirin müavini Tiqran Avinyanın rəhbərliyi altında bölgədə yaşayan əhaliyə kompensasiya ödənilərək, onları kəndləri boşaltmağa hazırlaşırlar.
Qeyd edək ki, Ermənistan hökuməti iki gün öncə sözügedən kəndlərdə yaşayan ermənilərin bir hissəsinin yeni mənzil və evlə təmin etmək məqsədi ilə 6.5 milyon dollar pul ayırıb. Rəsmi məlumatlarda bu pulun müharibədən sonra evlərini itirmiş ermənilərin mənzillə təmin olunması məqsədi ilə ayrıldığı qeyd olunur. Lakin yerli media və əhali prosesin evlərini itirmiş əhali ilə kifayətlənmədiyini, əksinə, bütün əhaliylə bağlı olduğunu bildirir.
JAMAZ.İNFO xəbər verir ki, vəziyyətin belə bir şəkil almasının bir neçə səbəbi olduğu deyilir. İddialardan biri budur ki, baş nazir Nikol Paşinyan Azərbaycanla anlaşma əldə edərək, Sünikin bir hissəsinə azərbaycanlıların yerləşdirilməsi prosesinə razılıq verib. O səbəbdən də həmin kəndlərin sakinlərinin çıxarılması və başqa yerdə evlə təmin edilməsinə başlanılıb.
İkinci iddia isə budur ki, Bakı Qafan-Gorus yolunun nəzarətimizdə olan 21 km-lik hissəsində erməni maşınlarının gediş-gəlişinə qadağa qoyub. Nəticədə, Şurnuxu, Vorotan, Bərdzirəvan, Teq və daha bir neçə kənd blokadaya düşüb. Orada yaşamaq belə mümkün deyil. Həmin kəndlərin əhalisinin İrəvan və ya Gorus-Qafana çıxması üçün isə Tatev yoluna çıxması lazımdır ki, bu da əlavə olaraq 35-40 km-lik, dağların arasından keçən yeni yolun çəkilməsi deməkdir. Həmin yolun çəkilməsi isə yüz milyon dollara yaxın vəsait tələb edir. Digər tərəfdən, bu kəndlərdə yaşayan əhalinin nə əkin sahələri qalıb, nə də heyvandarlığı inkişaf etdirmək imkanları yoxdur. Dövlət sərhəddimiz bərpa ediləndən sonra orada yaşayan ermənilərin turzim imkanları da əllərindən çıxıb. Vəziyyət o həddədir ki, bu kəndlərə çörək Gorusdan gəlir ki, bu təxminən 65 km-lik yol qət etmək deməkdir.
Ortada üçüncü bir iddia daha var. “Hraparak” qəzeti yazır: “Təkzibedilməz məlumatlara görə, Sünikdə azərbaycanlılar və türklər üçün üçüncü ölkə vətəndaşları və təşkilatları adından torpaqlar alırlar. Bütövlükdə Sünik ermənilərinin qansız-qadasız çıxarılmasının düşmənçilik proqramı başlayıb və bu proses sürətlə yaxın bir neçə ildə tamamilə anklavlaşa bilər”.
Qeyd edək ki, erməniləri mütəmadi olaraq Azərbaycanlıların Ermənistanda torpaq sahələri və əmlak alması barədə xəbər yayırlar. Hhələ bir qədər əvvəl Ermənistan Kadastr Xidməti bildirmişdi ki, indiyə qədər təkcə İrəvanda 7 azərbaycanlı mülk alıb.
Lakin Sünikin boşaldılması, oraya azərbaycanlıların köçürülməsi üçün hazırlıq görülməsi məsələsi bir qədər şişirdilmiş mövzudur. Çünki hal hazırda bunun üçün zəmin belə yoxdur. Hərçənd rəsmi Bakı azərbaycanlıların Zəngəzurda yaşayacağının, hamının ora gedib-gələcəyinin mümkün olacağını bəyan edib. Amma bunun üçün konkret tarix verməyib.
Erməni tərəfinin belə bir məlumat yayması son zamanlar başlayan prosesin tərkib hissəsi də ola bilər. Belə ki, müxalifət keçirdiyi aksiyalara adam yığa bilmir və bu yolla cəmiyyətə təsir edərək, onları prosesə qoşacağını düşünə bilər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?