Mingəçevir şəhəri, Şəfa bağ massivi, M. Rəhimov küçəsi ev 32 ünvanında yaşayan Osmanova Gözəl Osman qızı ona verilən ünvanlı sosial yardımın kəsilməsindən şikayətçidir.
Gundemxeber.az xəbər verir ki, G. Osmanova bu barədə Yeniavaz.com-a müraciətində bildirib. 6 uşaq anası G. Osmanovanın sözlərinə görə, övladları az yaşlıdır, heç biri yetkinlik yaşına çatmayıb. O bildirib, tək ana olaraq uşaqlar onun himayəsindədir: “Özüm xəstə olduğuma görə heç bir yerdə işləyə bilmirəm, böyük övladım da ürəyindən müalicə alır. 2021-ci ilin dekabr ayından 2022-ci ilin may ayının sonunadək ailəmizə üç min beş yüz doxsan beş manat əlli qəpik həcmində ünvanlı sosial yardım ödənilib. 2022-ci ilin iyun ayından bu yardım ləğv olunub. Bizə bildiriş gəlib ki, ödənilən məbləği geri qaytarın. Yoxsa, 6 övladımı yetim qoyub tək anaya qanunlarımıza uyğun tədbirlər görəcəklər!? Övladlarım enerji içkilərinin qablarını, dəmir parçalarını yığıb satırlar ki, özləri üçün dondurma pulu etsinlər, amma mən onların əlindən alıb çörək pulu edirəm. Mənim övladlarım doyunca çörək yemir. Ataları 2-ci dərəcəli vərəm xəstəsi olduğuna görə ondan ayrı yaşamağa məcburuq. Yaşadığımız ünvana gəlib baxa bilərlər, görsünlər ki, biz hansı şəraitdə yaşayırıq. Bəs, görəsən, ünvanlı sosial yardım bizim kimi ailələrə düşmürsə, kimlərə düşür? Mən müraciət etmişəm, onlar da mənə ünvanlı sosial yardım ayırıblar. İndi peşman olublar? Əgər mənə sosial ünvanlı yardım düşmürdüsə, niyə verirdilər? Axı həmin idarədə kadr bolluğundan tərpənmək olmur. Kimdir günahkar? 6 ac-yalavac uşaq anası, yoxsa yerində olmayan kadrlar?” Ünvanlı sosial yardımın kəsilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan Yeniavaz.com-a bildirilib ki, məsələ araşdırılır. Ətraflı məlumat veriləcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?