Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla, ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Gəncədən olan şəhidlər əsgər Əliyev Üzeyir Sabir oğlu və gizir İmamverdiyev Asiman Mehman oğlu təşkil olunan vida mərasimlərindən sonra torpağa tapşırılıblar.
Mərasimlərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, QMİ-nin Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, Gəncədə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat, həmçinin hüquq-mühafizə orqanlarının rəhəbərləri, şəhər ictimaiyyətinin nümayəndələri və şəhidlərin yaxınları iştirak ediblər.
Azərbaycan Ordusunun əsgəri, 1993-cü il təvəllüdlü şəhid Üzeyir Əliyevin nəşi vida mərasimindən sonra Göygöl rayonuna yola salınıb. O, Göygölün Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycan Ordusunun giziri, 1988-ci il təvəllüdlü şəhid Asiman İmamverdiyev isə Gəncənin Şəhidlər xiyabanında dəfn olunub.
Məlumat üçün bildirək ki, yaxın saatlarda Gəncənin üçüncü şəhidi, 1998-ci il təvəllüdlü leytenant Hüseynov Erkin Ədalət oğlu ilə vida mərasimi keçiriləcək. Şəhidimiz Gəncənin Şəhidlər xiyabanında dəfn ediləcək.
Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirik.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?