Gundemxeber.az » Ölkə » Bölgə » Bahalığa qarşı etiraz: Naxçıvanda Ticarət Mərkəzinin işçiləri aksiya keçirib
Yanvarın 5-də Naxçıvan şəhərində yerləşən “Cahan” Ticarət Mərkəzində işləyən satıcıların etiraz aksiyası keçirdiyi bildirilir.
Yerli sakinlərin verdiyi məlumata görə, onlar kirayə haqqının yüksək olmasından narazı olduqlarını bildiriblər.
GUNDEMXEBER.AZ bildirir ki, AzadlıqRadiosuna danışan, amma adının çəkilməsini istəməyən satıcılardan biri qeyd edib ki, icarə haqqı baha olduğuna görə, pulu çatdırıb verə bilmirlər.
Həmin şəxsin sözlərinə görə, icarə haqqı iki il əvvəl təqribən 80 faizdən çox bahalaşıb. O deyib ki, “hardasa 170 manatlıq yer 300 manata qaldırılıb”.
Onun vurğulamasına görə, aksiya iştirakçıları icarə haqqının aşağı salınması xahişi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə üz tutublar. Həmin şəxsin vurğulamasına görə, onları yeni rəhbərlik qəbul edib və məsələ ilə maraqlanacaqlarını söyləyiblər.
Bu deyilənlərə, hələlik, “Cahan” Ticarət Mərkəzi və MR rəhbərliyindən münasibət almaq mümkün olmayıb.
Bir həftə əvvəl…
Bundan bir həftə əvvəl, dekabrın 28-də isə taksi sürücülərinin Naxçıvan Muxtar Respublikasının mərkəzi Naxçıvan şəhərində, Ali Məclisin binası qarşısında aksiyası olmuşdu.
Aksiya iştirakçıları deyirdilər ki, yaxın dövrə qədər Naxçıvanda istənilən adam taksi sürücüsü işləyə bilməzdi:
“Vasif Talıbovun dövründə taksi maşınları yalnız “NAZ Lifan” markalı avtomobillər olmalı idi. Başqa maşınlara taksi işləməyə icazə verməmişdilər. Etiraz edən kimi maşınları cərimə meydançasına aparırdılar, lisenziyamızı isə ləğv edirdilər. Biz də acından ölməmək üçün məcbur olub razılaşırdıq. Bu 20 minlik maşınları bizə 35 min manata satırdılar”.
Yerli sakinlərin vurğulamasına görə, Ali Məclisin binası önünə toplaşanlar yeni rəhbərlikdən bununla bağlı onların müracətinə baxmağı xahiş ediblər.
Amma o vaxt bu deyilənlərə də MR-nın indiki və keçmiş rəhbərliyindən münasibət almaq mümkün olmamışdı.
“NAZ Lifan” markalı avtomobilərin Naxçıvan MR-da yığıldığı bildirilir.
Xatırlatma
Ötən il dekabrın 22-də dövlət başçısı İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında fərman imzalayıb.
Digər sərəncamla Naxçıvanda Azərbaycan prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib. Bu şəxs paytaxt Bakıdan göndərilən, Fuad Vahid oğlu Nəcəfli olub. Naxçıvan Ali Məclisinin sədri vəzifəsi isə, hələlik, boşdur.
Dekabrın 21-də Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun istefası qəbul edilib. O düz 27 il idi həmin vəzifədə çalışırdı.
Ondan bir qədər əvvəl isə MR-da bəzi vəzifəli şəxslər mənimsəmə ittihamı ilə həbs edilib. Onların ittihama münasibəti bəlli deyil.
GUNDEMXEBER.AZ
26-04-2018, 17:10
4-02-2016, 20:55
19-05-2020, 15:23
14-05-2017, 20:32
11-12-2015, 02:55
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?