Həbsdə olan sabiq bankir Cahangir Hacıyev adının siyasi məhbuslar sırasında hallandırılması məsələsinə aydınlıq gətirib. Cahangir Hacıyev vəkilləri vasitəsi ilə bəyanat yayıb.
Musavat.com xəbər verir ki, 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası alan Hacıyev siyasi məhbus kimi tanınması üçün heç bir addım atmadığını deyib.
"Mən Cahangir Hacıyev olaraq, siyasi məhbus kimi tanınmaq istiqamətində heç bir addım atmamışam. Vəkillərim də bu məqsədlə heç bir quruma, heç bir şəxsə müraciət etməyib"- deyə Cahangir Hacıyev bəyanatında qeyd edir.
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin 15 ilə yaxın İdarə Heyətinin sədri olmuş Cahangir Hacıyev bəyanatında bir daha məhkəməsinə ədalətli baxılmaması məsələsinə toxunub.
O, mayın 8-də apelyasiya şikayətinin baxıldığı məhkəməsində vəkillərinin vasitətlərinin təmin edilmədiyini və hüquqlarının pozulduğunu deyib:
""Siyasi məhbus" kimi tanınmaqdan ötrü müxtəlif vasitələrə əl atmağım haqda bir sıra saytlarda yazılanlara etiraz edirəm. Həmin yazılar sifarişlə yazılır. Sifarişçilər də Beynəlxalq Bankla bağlı həqiqətlərin gizli qalmasında maraqlı olan adamlardır.
Mənimlə bağlı məhkəmə prosesi ədalət mühakiməsinin minimal standartlarından da çox uzaqdır. Məhkəmə də müəyyən məsələlərin üzə çıxmasının qarşısını almağa çalışır. Mənə "Mekon" MMC və "Unioil" MMC ilə bağlı mənimsəmə ittihamı verilib. Amma əllərində rəsmi sənədlər var ki, həmin vəsait "Elite Construction"ın səhmlərinin alınmasına sərf olunub. Məhkəmədə də bu məsələ ilə bağlı müvafiq qurumlara sorğu göndərilməsi haqda vəsatət qaldırsalar da, təmin olunmadı. Bakı Apellyasiya Məhkəməsində vəkillərimə çıxış etməyə belə, imkan verilmir. Vəkillərim məhkəməyə 12 vəsatət təqdim edib.
Məhkəmə bir qərarla bu vəsatətlərin heç birinin təmin olunmadığını elan edir. Halbuki, o vəsatətlərin təmin olunması bir xeyli həqiqətləri ortaya çıxarardı. Üstəlik, qanunda açıq şəkildə yazılıb ki, verilən vəsatətlər bir-bir elan olunmalı, müzakirəyə çıxarılmalıdır. Bizim məhkəmədə isə qanunun bu tələblərinin heç birinə əməl olunmadı. Bunlar Beynəlxalq Bankla bağlı həqiqətlərin açılmasına əngəl yaratmaq, dövlət başçısının göstərişinə qarşı çıxmaqdır. Çünki prezident bu məsələlərin ciddi araşdırılmasına göstəriş verib".
Sabiq bankir bəyanatının sonunda xatırladıb ki, siyasi məhbus kimi tanınmaq üçün heç bir addım atmasa da onun işinə baxılarkən prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması, onun ədalətli məhkəmə araşdırması hüququndan məhrum edilməsi siyasi məhbus kriteriyalarından biridir.
Qeyd edək ki, C.Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunaraq həbs ediliblər.
C.Hacıyev 15 il, Azad Cavadov 10 il 11 ay, bankın Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov 7 il 6 ay, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov 6 il 5 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?