Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycan Dünya İnformasiya Məkanında” İctimai Birliyi “Əhalinin məşğulluğunun artırılması məqsədilə kiçik sahibkarlığın təşviq edilməsi” layihəsi çərçivəsində tədbir keçirib. Tədbiri açan İctimai Birliyin sədri iqtisadiyyat üzrə fəlsəfə doktoru Kamil Abdullayev layihənin həyata keçirilməsində əsas məqsədin gələcəyini biznes sahəsində qurmağı düşünən, lakin bu istiqamətdə uğurlu addım atmağa nail ola bilməyən gənclərə köməklik göstərmək olduğunu deyib. O bildirib ki, biznesə maraq göstərən gənclərə kiçik sahibkarlığın müasir sirlərinin öyrədilməsi, bu sahədə lazım olan sənədlərin işlənib hazırlanmasına yardım göstərmək, eləcə də biznes planın tərib edilməsinə köməklik etmək əsas prioritet təşkil edir. “Layihənin həyata keçirilməsi ilə məşğulluğun artırılmasına, sahibkarlığın inkişafına və iqtisadi diversifikasiyaya dəstək veriləcək” – K.Abdullayev sonda deyib.
Daha sonra iqtisadiyyat üzrə fəlsəfə doktoru, ekspert Anar Vəliyev çıxış edib. O, çıxışında bildirib ki, Respublikamızın iqtisadiyyatı dünyadakı iqtisadi böhrana və işsizlərin sayının artmasına baxmayaraq inkişaf etməkdə və yeni iş yerləri açılmaqdadır. Bu sahədə dövlət proqramları uğurla icra olunmaqdadır. Hər il yeni iş yerləri açılmasına baxmayaraq işsizlik problemi yenə də tamamilə aradan qaldırılmayıb. Bu isə onu göstərir ki, bu məsələyə artıq yeni yanaşma tələb olunur. Hökumətin həyata keçirdiyi iqtisadi siyasətlə yanaşı ictimai qurumların da bu sahəyə diqqət ayırması, bütövlükdə vətəndaş cəmiyyətinin səfərbər edilməsi və onun gücü ilə problemlərin aradan qaldırılması bu sahəyə ciddi töhvə verə bilər
.
Anar Vəliyev eyni zamanda bildirib ki, təkcə güzəştli kreditlərin verilməsi, bu sahədə münbit mühitin formalaşdırılması hələ insanların kiçik biznesə gəlməsi üçün risk həddini keçməsinə kifayət etmir. Xüsusilə gənc nəslin sahibkarlığa cəlb edilməsi ilə bağlı proqramın həyata keçirilməməsi onlarda psixoloji baryerlərin daimi olaraq qalmasına və nəticədə bu sahəyə aid dərin biliklərin əldə edilməsi üçün cəhdlər etməməsinə gətirib çıxarır.
Anar Vəliyev tədbir iştirakçılarına kiçik biznesə başlamaq üçün ideya axtarışı, kredit götürülməsi, hüquqi, iqtisadi, vergi, maliyyə və s. sahədə ətraflı məlumat verdi və hesabatların təqdimatı ilə bağlı qaydaları izah etdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?