Bu günlərdə peşəkar mediada və sosial şəbəkələrdə bir mövzu ilə bağlı iki səpkidə mübahisə gedir. Biri belədir ki, nədən başqa peşə adamlarına yox, məhz jurnalistlərə ev verilməlidir. O biri də hansı jurnalistlərin mənzil almağa daha çox haqqının çatdığına (çatmadığına) dairdir.
İkinci birincidən daha artıq şiddətli mübahisə mövzusudur, yəqin ki, hələ bir neçə həftə də davam edəcək. Birinci mübahisnin isə sakit-sakit olsa da, daha uzun müddət sürəcəyi gözlənilir.
Birincidən başlayaq, həm də çox uzaqdan gələk.
29 il öncəydi. Ermənilər Qarabağa iddia irəli sürmüşdülər. Kreml Ermənistanın tərəfindəydi. Biz ortada himayədarsız qalmışdıq. Ən pisi o idi ki, uzaq ABŞ, yaxın Avropa da ermənilərin sözünü deyirdi.
Bu, ona görə beləydi ki, Moskvada, Leninqradda olduğu kimi dünyanın ən ötkəm paytaxtlarında erməni diasporu vardı. Bu diaspor təşkilatları siyasət və media dairələrində ciddi lobbiçilik işi aparırdılar. Dünyanın bir çox aparıcı qəzet və agentliklərində, televiziya kanallarında erməni əsilli jurnalistlər işləyirdi.
Onlar Qarabağ məsələsi haqqında birtərəfli, qərəzli materiallar yayırdılar. Böyük və aparıcı dövlətlərin ictimai-siyasi fəalları onlara inanırdı. Siyasətçilər öz bəyanatlarında, mövqelərində ictimaiyyətin rəyini nəzərə alırdı. Bütün ölkələrdə ictimai rəy tam olaraq əleyhimizə idi. O zamanlar biz ölkəmizdə oturmuşduq, özümüz deyib özümüz eşidirdik, öz yazdıqlarımızı özümüz oxuyurduq. Bunu anlayanda, səsimizin dünyada, Avropada eşidilmədiyini kəsdirəndə oturub doluxsuna-doluxsuna “informasiya blokadası”ndan danışmağa başladıq. Bunu hətta o dövrdə məşhur şairlərdən, siyasi xadimlərdən bir neçəsi Azadlıq meydanında dilə gətirmişdi.
Bizim informasiya blokadasında olmağımızı uzun müddət çəkdi. O blokadanı qırmalı, üzərinə kommandos funksiyası götürməli olanlar lazım idi, ancaq əldə hazır kadrlar çox az idi. İnformasiya müharibəsində uduzurduq.
Nəhayət, o cür jurnalistlər yetişdilər. Çətinliklə olsa da, biz Azərbaycanda, Qarabağda olub-bitənləri dünyaya çıxara bildik. Məhz ondan sonra dünya ictimaiyyətinin Qarabağ məsələsinə münasibətində birtərəfliliyə son qoyuldu, Avropa xalqları durumun heç də ermənilərin dediyi kimi olmadığını anladı. Bu xüsusda hazırda müəyyən bir balans mövcuddur, artıq ermənilərin şəltəsi əvvəlki kimi işləmir.
Bəzən Azərbaycan jurnalistləri informasiya müharibəsində onları üstələyirlər. Ermənilər müdafiə olunmağa, izahat verməyə çalışırlar. Hər il Xocalı genosidinn ildönümündə ermənilərin düşdüyü vəziyyəti xatırlamaq kifayətdir.
Bu günlərdə Alxanlıda baş verən, qısa adıyla “Zəhra faciəsi” adlandırdığımız hadisədən sonra azərbaycanlı jurnalistlər Avropada de-marş etdilər. Məsələn, İtaliyada çıxan bir neçə qəzet azərbaycanlı jurnalistlərin bu mövzuda yazdığı yazını dərc etdi. İsrailin nüfuzlu “Yerusalem Post” qəzeti azərbaycanlı jurnalistin məqaləsini yaydı. Moldova, Ukrayna, İsveç, Almaniya, Hollandiya və Fransada da azərbaycanlı jurnalistlərin servis etdiyi informasiyalar müxtəlif media quruluşlarında yer aldı. Artıq biz informasiya blokadasında deyilik. İstedadlı, bir neçə dil bilən jurnalistlərimiz o blokadanı yarıblar və gündən-günə güclənirlər. Bu gün bir sərhəd xətti Qarabağdan keçirsə və orada igid əsgərlərimiz keşik çəkirsə, biri də dünyanın aparcı media quruluşları ilə Azərbaycanın arasından keçir. Bu səngərdə də vətənpərvər, erudisiyalı jurnalistlər keşik çəkir ki, informasiya müharibəsində uduzmayaq, haqlıykən haqsız durumda göstərilməyək.
Təbii ki, mediada heç də hamı ermənilərin informasiya cəbhəsiı ilə üzbəüz səngərdə deyil. Həmişə ölkədaxili məsələlərdən, problemlərdən yazanlar da çoxdur. Onların hansı şərtlər altında çalışdıqları da hər kəsə bəllidir.
Bu gün “jurnaistlərə niyə ev hədiyyə edilir” deyənlərin nə vaxtsa özlərinin də mütləq işi jurnalistlərə düşüb, haqq-ədalət arayışı üçün onlardan kömək istəyiblər, əlacları hər yerdən kəsiləndə məhz jurnalistlərin üstünə qaçıblar. Hətta indiyədək elə etməyiblərsə, bir gün onlar da mütləq jurnalistlərin üstünə gələcək, yardım istəyəcəklər.
Belədirsə, onlara 40 ilin başında verilən mənzil hədiyyəsini çox görmək olmaz. Çünki jurnalistlər vəkildirlər, döyüşçüdürlər, ədalət carçısıdırlar, müdafiəçidirlər. Minlərlə məmurun öz rəhbərləri ilə yanaşı jurnalistlərdən də çəkinir. Jurnalistlər olmasa istənilən ölkədə daxili durum hazırda olduğundan qat-qat pis olar.
Image result for köhnə ev
Bu peşə adamlarının da başqaları kimi pul yığıb ev almalı olduqlarını deyənlər də haqsız deyillər. Keşkə, o cür olaydı. Ancaq bu, indilikdə mümkün deyil. Bəlkə də 17 il qabaq belə bir şey mümkün idi, bir çox jurnalistlər artmaqda olan maaşları ilə şəhərkənarı qəsəbələrdən köhnə mənzil ala bilirdilər. Ancaq sonradan neft milyardlarının ölkəyə daxil olması mənzil bazarında canlanma yaratdı, mənzil tikintisi artdıqca qiymətlər də artdı. Jurnalistlərin maaşı 2-3 dəfə artdığı halda, mənzillərin qiyməti 15-20 dəfə artdı, disbalans yarandı və jurnalistlər ev tikə, mənzil ala bilmədilər.
Bir məsələ də var. Jurnalistlərin əksəriyyəti üçün şəxsi mülk tədarük etmək məsələsi həmişə ikinci, üçüncü planda olub. Onlar üçün birinci yerdə hər zaman övladların təhsilidir. Bu mövzuya dair informasiyaları tez-tez görmək olar. Aydın məsələdir ki, övladların yaxşı təhsil alması üçün bu və ya digər şəkildə xeyli vəsait tələb olunur və jurnalistlərin demək olar ki, hamısı bu məsələdə qənaət etmir. Son illərdə yüzlərlə jurnalistin övladları istər ölkə daxilində, istərsə də xaricdə ən yaxşı universitetlərdə təhsil alıblar. Onların arasında qırmızı diplomlu hüquqşünaslar, həkimlər, iqtisadçılar, jurnalistlər, müəllimlər və mühəndislər var və onlar gerçəkdən də millətin gələcəyi, sərvətidirlər. Bununla belə, bu o demək deyil ki, başqa bənzər peşə sahibləri də bu imtiyazdan yararlanmamalıdırlar. Xeyr. Sosial yönümlü dövlətdə mənzilə ehtiyacı olan hər kəsin tələbi qarşılanmalıdır. Buna dair xaricdə parlaq nümunələr var. Bəzi ölkələrdə hər bir işləyən şəxsə, ailəyə mənzil verirlər, onlar isə sadəcə kommunal xərcləri ödəyir, istəyəndə başqa şəhərə köçür, orada da asanlıqla mənzil əldə edirlər. Gələcəkdə bu praktikanı ölkəmizdə də tətbiq etmək mümkündür. İndilikdə isə imkan olan yerdə mədəniyyət, incəsənət və ədəbiyyat adamlarının da mənzillə təmin edilməsi yaxşı olar.
İndi gələk bu mövzuda media sferasında gedən digər mübahisələrə, söz-söhbətlərə.
İddiaçı çoxdur – 5 mindən artıq. Mənzil isə azdır – 255. “Ölkəmizdə bu qədər jurnalist varmış” deyənlər haqlı görünür. Bəlli olur ki, bu qədərmiş. Ancaq gündəlik çıxan bütün qəzetləri oxuyan ən diqqətli oxucu üst-üstə 30 imza saya bilməz. Çünki mənzilə iddia edən jurnalistlərin bir xeylisi yazı yazmırlar, eləcə media camiəsindədirlər, nəsə bir işin qulpundan yapışırlar. Hamı mənzil sahibi olmaq istəyəndisə təbii olaraq mübahisə düşür. Çünki bölünəsi evlərin sayı ilə evə iddiaçıların sayı arasında kəskin fərq var. Xəlbirləmə labüddür.
Ona görə də mənzil bölgüsündə tətbiq edilən kriteriyalar bir çoxları üçün süzgəc rolu oynayır və bu müzakirə və mübahisə mövzusuna çevrilir.
Bu günlərdə sayğılı həmkarlarımızdan biri qəzetimizin adını çəkərək, bu qəzet barəsində də məhkəmə hökmünün olmasını əsas göstərmiş, öz qəzetinin problemini qabartmışdı. Fəqət bu, əlavə söz-söhbətlərə rəvac verdiyi və qəzetimizlə bağlı məsələnin ictimai müzakirəyə, hədəf taxtasına çıxarılması demək olduğundan cavab verəsi, hüquqşünasımızdan əlavə arayış alası, əlavə izahat verəsi olduq. Durduğumuz yerdə cəncələ düşdük. Məsələ isə belədir: bizim heç kəsə borcumuz qalmayıb, son illərdə isə məhkəməyə cəlb edilməmişik.
(Ümumiyyətlə, futbolçuların matç zamanı sarı və qırmızı vərəqələrlə cəzalandırılması nə qədər normal və qaçılmazdırsa, media quruluşunun da vaxtaşırı məhkəməyə verilməsi və bəzən cəzalandırılması o qədər normaldır. Bunu həlledici kriteriyaya çevirmək olmaz).
Ən pisi odur ki, mübahisə sosial şəbəkədə bir az da böyüdü. Həmkarımız baş redaktorumuzun yazdığı müvafiq məzmunlu statusa şərh olaraq bir qədər də irəli getdi. O və ona dəstək verənlər “Yeni Müsavat” əməkdaşlarına mənzil düşmədiy fikri üzərində israr etdilər. Təsəvvür edin, 255 mənzil bölünür, amma müstəqillik dövrünün ilk müstəqil qəzetlərindən birinin, 20 ilə yaxın müddətdə ölkənin ən çox oxunan nəşri ünvanını saxlayan, postsovet məkanında ən çox auditoriyası olan sayta sahib media qrupunun əməkdaşlarına mənzil düşmür. Öz probleminin həllini tələb edən həmkarımız gərək ən azı ömürlərinin 15-22 ilini mediaya, söz davasına vermiş, daima haqq-ədalətin keşiyində durmağa çalışmış həmkarlarının da mənafeyini nəzərə alaydı.
Bunun əksinə, bəzi köhnə dostlar və bədxahlar da o mübahisəyə elə ürəklə qoşulmuşdular ki, sanki jurnalistlərə paylanacaq mənzillərin 255-ni də “Yeni Müsavat”da çalışanlar alır.
Elə deyil. Bu işə dair siyasi qərar verənlər, bölgünü aparanlar, təqdimatları, sənədləri incələyənlər mövzunu yaxşı bilirlər, yəqin ki, prosesin sonunda da seçim kriteriyalarına bir daha, həm də konkret şəkildə açıqlıq gətirəcəklər./musavat.com
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?