Milli Şuranın Koordinasiya Mərkəzi növbəti toplantısını keçirmişdir.
Milli Şuranın Koordinasiya Mərkəzi İyul ayının 27-də ölkənin tanınmış iqtisadçılarının iştirakı ilə 2017-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunan toplantı keçirmişdir. Toplantıda respublikada sosial-iqtisadi vəziyyət və yanacağın qiymətinin bahalaşdırılması ilə bağlı son durum müzakirə edilmişdir. Müzakirələrin gedişində son illərdə sosial-iqtisadi durumun ağırlaşmasından, ümumi daxili məhsulun (ÜDM) son iki ildə 2 dəfə aşağı düşməsindən, bu ilin yanvar-iyun aylarında ÜDM 1,3 faiz, sənaye istehsalının 5,5 faiz azalmasından danışılmışdır. İclasda həmçinin ölkə əhalisinin pul gəlirlərinin iki dəfə azalması və nəticədə alıcılıq qabiliyyətinin aşağı düşməsi, xarici borcların artmasından ciddi narahatçılıq ifadə edilmişdir. O da qeyd edilmişdir ki, 2017-ci ilin birinci yarısında ölkədə 31 milyard 310,6 milyon manat və ya əhalinin hər nəfərinə 3224,6 manat dəyərində ümumi daxili məhsul istehsal edilmişdir ki, bu da 2016-сı ilin eyni dövrü ilə müqayisədə 0,9% azdır. Həmçinin qeyd edilmişdir ki, 2017-ci ilin yanvar-iyun aylarında ölkə sənayesində 18,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz az sənaye məhsulu istehsal edilmişdir. Bu müddət ərzində tütün məmulatlarının istehsalı 31,4 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 55,8 faiz, poliqrafiya məhsullarının istehsalı 36,8 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 9,5 faiz, hazır metal məmulatlarının istehsalı 30,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 55,1 faiz azalmışdır. İclasda müvafiq dövlət qrumların məlumatlarına əsasən qeyd edildi ki, 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,4 faiz artıb. İnflyasiya 14 faiz təşkil edib. Azərbaycanın bəzi rayon və şəhərlərində isə illik inflyasiya 20%-i keçib. İstehlak məhsulları və xidmətlərin qiymət artımı Xaçmaz rayonunda 26,2%, Saatlı rayonunda 24,6%, Lənkəran şəhərində 21,0%, Qəbələ rayonunda 20,9%, Şəmkir, Daşkəsən rayonlarında 20,5% və İmişli rayonunda 20,0% təşkil edib. Bu ilin altı ayı ərzində ölkəyə ət və ət məhsulları idxalı fiziki çəkidə 2 dəfə, dəyər ifadəsində 2,6 dəfə, süd idxalı 60 faiz artmışdır. Həmçinin bu müddət ərzində ölkəyə 442 min ton buğda, 52 min ton bitki və heyvan mənşəli piylər və yağlar, 5,4 min ton çay, 149 min ton şəkər idxal olmuşdur ki, bu da ölkənin bu adda məhsullara olan təlabatının 100 faiz idxal hesabına ödənilməsi deməkdir. İclasda qeyd olunmuşdur ki, ölkənin İqtisadi göstəriciləri pisləşməkdə davam edir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?