Dövlət Statistika Komitəsinin (DSK-nin) bu ilin ilk 8 ayına olan məlumatına görə, ölkədə Ümumi Daxili Məhsul (ÜDM) 3.1 faiz, o cümlədən qeyri-neft ÜDM-i daha çox – 5.8 faiz kiçilib. Beynəlxalq Valyuta Fondu (BVF) 2016-cı ildə Azərbaycanda iqtisadi enişin 2.4 faiz olacağını planlaşdırır.
İqtisadçı ekspert Qubad İbadoğlu diqqəti BVF-nin digər proqnozuna çəkir: 2016-cı ildə dünya iqtisadiyyatı orta hesabla 3.1, inkişaf etmiş ölkələrin iqtisadiyyatı 1.8, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatı isə 4.1 faiz böyüyəcək: «Beləliklə də, 2016-cı ildə Azərbaycanda iqtisadi artım dünyadakı inkişafdan geri qalacaq», - iqtisadçı Facebook səhifəsində yazır.
BVF-nin hesablamalarına görə, Azərbaycanda 2016-cı ildə ABŞ dolları ilə ifadə olunan nominal ÜDM 35 milyard 686 milyon dollar təşkil edəcək ki, bu da 2014-cü ilin uyğun göstəricisindən (75 milyard 254 milyon dollardan) 2.1 dəfə (39 milyard 568 milyon dollar) azdır.
«Bu o deməkdir ki, son 2 ildə Azərbaycanda adambaşına düşən ÜDM 4 min ABŞ dollarından çox azalıb. İqtisadi qanunauyğunluğa görə, pis idarə olunan, iqtisadiyyatı korrupsiyalaşmış ölkələrdə ÜDM-in artımından kiçik bir qrup bəhrələnirsə, onun azalmasından daha çox əziyyət çəkən böyük yoxsullar ordusu olur. Eynən bizdəki kimi», - ekspert vurğulayır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?