İyulun 30-da saat 09.30 radələrindən etibarən Xətai və Suraxanı rayonları arasındakı boş sahədə yanğın başlanıb.
Bu barədə məlumata görə, əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası cəlb olunsa da, küləkli havanın yanğını sürətlə otlaq sahəsindən ərazidəki bağlara keçirməsi səbəbindən alovu ram etmək mümkün olmayıb. Odur ki, Xətai və ətraf rayonlardan əlavə yanğınsöndürən briqadaları hadisə yerinə çağırılıb. Ancaq yanğınsöndürənlərin fədakarlıqlarına rəğmən yenə də yanğını asanlıqla lokallaşdırmaq mümkünsüz olub. Hazırda yanğının ətrafdakı yaşayış massivlərinə keçməməsi üçün cəhdlər göstərilir.
Yanğın bu ərazidəki bağları cənginə alandan sonra yol kənarlarındakı ağacları da bürüyüb. FHN əməkdaşlarının işini çətinləşdirən əsas məsələ yanğın yerinin faktiki olaraq “zibil poliqonu”na çevrilməsidir. Belə ki, ətraf rayonlardan daşınan zibillər, həmçinin ərazidə yerləşən maşın təmiri sexlərindən çıxarılan sürtkü materialları və təkərlərin “son məskəni” məhz bu ərazidir. Bu materialların alovlanması nəticəsində Zığ şossesi istiqamətində hava qara tüstüdən görünməz olub. Hətta ərazidə yaşayan sakinlərin zəhərlənməsi təhlükəsi də yaranıb. Hadisə yerində olan polis əhəkdaşları ərazidəki avtomobillərin uzaqlaşdırılması, sakinlərin olay yerindən kənarlaşdırılması istiqamətində zəruri addımları atır. Yanğın yerindən yüksək gərginlikli elektrik xətlərinin keçməsi isə təhlükənin miqyasını artırır. Yanğın hər an daha böyük fəsadlara yol aça bilər. Odur ki, “Azərenerji”nin əməkdaşları da hadisə yerinə gəlib.
Hadisənin hansı səbəbdən baş verdiyi barədə hər hansı rəsmi məlumat yoxdur. Amma güman edilir ki, bu, bir yanmış siqaret kötüyünün quru otların içərisinə atılması nəticəsində də baş verə bilər.
Yeri gəlmişkən, “Yeni Müsavat” qəzeti və Musavat.com saytı dəfələrlə bu ərazidəki yanğın hadisələri barədə materiallar yayıb. Sakinlər deyir ki, təkcə son bir ildə bu, üçüncü böyük yanğın hadisəsidir. Ona görə də sakinlər bu ərazinin zibillikdən təmizlənməsi, ərazinin abadlaşdırılması və park salınmasını yeganə çıxış yolu sayırlar. Xatırladaq ki, be təşəbbüslə vaxtilə qəzetimiz də çıxış etmişdi və müvafiq qurumları addım atmağa çağırmışdı. Son yanğın nəticəsində isə yüzlərlə ağac məhv olub. Ölkə rəhbərliyinin paytaxtdakı yaşıllıqların qorunmasına xüsusi həssaslıqla yanaşması fonunda baş verənlər ən azı təəssüf doğurur./musavat.com
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?