Bakıda “Mercedes-Gelandewagen” markalı avtomobillə törədilən qəza zamanı xəsarət alan Türkiyə vətəndaşları Mutallib Tekiş və onun həyat yoldaşı Songül Tekiş Ankaradakı xəstəxanaya aparılıb. Bu barədə yaralıların müalicə olunduğu “Baku Medical Plaza”nın həkimi Lalə Şəkərova məlumat verib. L.Şəkərova bildirib ki, onlar iki gün bundan əvvəl öz istəkləri ilə Ankaradakı Belek Sağlamlıq Mərkəzinə (keçmiş Gülhanə xəstəxanası) göndərilib. O qeyd edib ki, yaralı Mutallib Tekiş reanimasiya şöbəsində idi: “Onun xanımı isə əməliyyat olunmuşdu və səhhəti qaydasında olduğu üçün stasionara buraxılmışdı. Həmin xəstələr bizə 1 saylı Kliniki Tibbi Mərkəzdən gətirilmişdi. Songül Tekişinin onurğasının sınması ilə bağlı səsləndirilən fikirlər əsassız idi. O, sadəcə əməliyyat olunmuşdu. Onların hər ikisinə politramma diaqnozu qoyulmuşdu.” Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğu avqustun 3-də Bakının Heydər Əliyev prospektində baş vermiş dəhşətli hadisə ilə bağlı birgə rəsmi məlumat yayıb. Birgə rəsmi məlumatda bildirilib ki, avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Mercedes-Gelandewagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Fakla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə başlanılmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı “Mercedes-Gelandewagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov olması da müəyyən edilib və məhkəmə tərəfindən barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib. “Bununla əlaqədar qeyd edirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə etdiyi ciddi xəbərdarlıqlardan nəticə çıxarmayan, özbaşınalıq və cinayətlər törətməkdən belə çəkinməyən dövlət məmurlarına və onların ailə üzvlərinə hələ də rast gəlinir. Odur ki, Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu bir daha bildirir ki, tutduğu vəzifəsindən, etdiyi xidmətlərdən və nüfuzundan asılı olmayaraq dövlət başçımızın məlum tələblərinə etinasız yanaşan, öz davranışları ilə cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş etdirən, mövcud qayda-qanunları kobud şəkildə pozan hər bir məmur və onların ailə üzvləri barəsində qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcək”, - birgə rəsmi məlumatda bildirilib.
Sorğu
Yeni dizaynımız necədir?