Əyyub Kərim: “Nail Allahverdiyev barəsindəki həbs qərarını dəyişmək üçün arqument yox idi”
Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi dəhşətli qəzadan sonra qalmaqallı açıqlamalar verən və onları müdafiə edən deputat Astan Şahverdiyevlə bağlı iki xəbər yayılıb.
“Astan Şahverdiyevlə bağlı şikayətlərə baxıldıqdan sonra müvafiq qərar qəbul olunacaq. Əgər şikayətlər olsa, yəqin ki, Astan Şahverdiyevə yenə "qulaqburması" veriləcək. Ancaq hələlik məlum deyil ki, onunla bağlı hansı şikayətlər var. Bu məsələ obyektiv araşdırılandan sonra müvafiq addımlar atılacaq” - bu barədə olke.az-a açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədri, deputat Ağacan Abıyev deyib. Deputat Astan Şahverdiyevlə bağlı məsələyə sentyabrın 15-də deputatlar işə çıxandan sonra baxılacağını bildirib. A.Abıyev Astan Şahverdiyevin mandatının ləğv ediləcəyi barədə yayılan xəbərlərin doğru olmadığını söyləyib: “Mən heç zaman deməmişəm ki, Astan Şahverdiyevin mandatı ləğv olunacaq. Bunu mənə sual verənlər yazır. Mən indidən Astan Şahverdiyevin mandatının ləğv olunub-olunmayacağını dəqiq deyə bilmərəm. Məsələ obyektiv araşdırılacaq. Mandatın alınması məsələsi prokurorluğun səlahiyyətinə aiddir. Ona görə də jurnalistlər bu məsələdə tələsməməlidir. Əmin olun ki, məsələ obyektiv araşdırılacaq”.
Qeyd edək ki, Astan Şahverdiyev Əli Həsənovun nəvəsini müdafiə edərək “o hadisədə Nail Allahverdiyevin təqsiri yoxdur. Qəza zamanı avtomobildə Əli müəllimin nəvəsi deyil, sürücü olub” demişdi.
Astan Şahverdiyevin qohumları ilə bağlı ilginc məlumatlar yayılıb. Avropa.info yazır ki, Astan Şahverdiyevin qardaşı Araz Şahverdiyev Cəbrayıl rayon polis idarəsinin rəisidir, digər qardaşı oğlu Eyvaz Şahverdiyev isə Bakı Şəhər Dövlət Yol Polisi rəisinin müavinidir. İddialara görə, qəza hadisəsi baş verən gün sükan arxasında olan şəxsin Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olmasını məhz Eyvaz Şahverdiyev gizlədə bilib. Eyvaz Şahverdiyevin Bakı Dövlət Yol Polisində intellektual idarəetməyə cavabdeh olduğu və bütün kameralara nəzarətin birbaşa bu şəxsin nəzarətində olduğu qeyd edilir. Lakin sonradan məsələnin daha da böyüməsi və Dövlət Yol Polisinin araşdırmaları nəticəsində əsl həqiqət üzə çıxıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlum qəza baş verən gün sükan arxasında Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin olması faktının Eyvaz Şahverdiyev tərəfindən gizlədilməsi ilə bağlı mətbuatda gedən xəbərə reaksiya verib. Deyib ki, yol nəqliyyat hadisəsinin baş verdiyi gündən əvvəl Eyvaz Şahverdiyev məzuniyyətdə olub. V.Əsədov E.Şahverdiyevin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsini deyil, yol hərəkətinin təşkili şöbəsinin rəisi vəzifəsini daşıdığını deyib. Daha maraqlı məqamlardan biri isə baş nazirin müavini kimi Əli Həsənovun sədr olduğu Narkomanlığa qarşı mübarizə üzrə dövlət komissiyasında da Astan Şahverdiyevin digər qardaşı oğlu Fərid Şahverdiyevin işləməsidir. Fərid Şahverdiyev Əli Həsənovun rəhbərlik etdiyi komissiyada yüksək vəzifə tutur. Bundan başqa, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı olan, məlum hadisələrlə bağlı hazırda həbs olan Vüsal Ələkbərovun da Astan Şahverdiyevin qardaşının kürəkəni olduğu bildirilir.
Xatırladaq ki, mətbuatda Astan Şahverdiyevin Əli Həsənovla qohumluq əlaqələrində olması haqda da məlumatlar yer alıb. Hətta Əli Həsənovla Astan Şahverdiyevin dayıoğlu-bibioğlu olduqları da deyilir.
Bundan başqa N.Allahverdiyevin barəsindəki 4 aylıq həbs qərarından vəkilinin apelyasiya şikayəti verməməsi də müzakirə mövzusudur. Adətən təqsirləndirilən şəxslərin barəsində verilən ilkin həbs qərarı mübahisələndirilsə də, N.Allahverdiyevin vəkilləri nədənsə bu addımı atmayıblar. Niyə?
Tanınmış hüquqşünas Əyyub Kərim deyir ki, N.Allahevrdiyevin vəkilinin müvəkkilinin barəsindəki həbs qərarından şikayət verməməsinin bir neçə səbəbi ola bilər: “Yəqin düşünüblər ki, belə bir şikayət vermələri vaxt itkisidir, mənasızdır. Bəzən də belə olur ki, şikayət formal olaraq verilir. Görünür düşünürlər ki, versələr belə apelyasiya instansiyası şikayəti təmin etməyəcək. Ona görə də vermirlər”.
Ə.Kərim deyir ki, həbs qərarından şikayət verməmək qərarla razılıq anlamına gəlir: “İttihamla razılaşıb-razılaşmırlar bu başqa məsələdir. Amma fakt ortadadır ki, 4 aylıq həbs qəti-imkan tədbiri ilə razıdırlar. Sonradan bu müddət prokurorluğun təqdimatı əsasında artırıla da bilər. Son 10 ili götürsək, olmayıb ki, ilkin həbs qərarından şikayət verilməsin. Şikayətlərin çoxu da sırf bu hüquqdan istifadə etmək xatirinə verilir. Ancaq Nail Allahverdiyevin işində bu hüquqdan istifadə etmədilər. Niyəsini özləri yaxşı bilərlər. Hesab edirəm ki, onun vəkilləri şikayət vermiş olsaydılar belə, arqumentləri çox zəif olardı. Yəni ortada 2 nəfin ölüm, 2 nəfərin isə ağır yaralanması faktı var. Prokurorluq 4 aylıq istintaq müddəti istəyəndə bu dəlilləri əsas gətirib. Bundan başqa ən əsas məqam odur ki, Nail Allahverdiyev qəzadan sonra hadisə yerindən qaçıb. Apelyasiya Məhkəməsində onun barəsindəki həbs qərarını dəyişmək üçün arqument yox idi. İstintaqda qəzanın ”Təhlükəsizlik şəhər" kameralarının çəkdiyi real görüntüləri var. Onun vəkilərinin həbs qərarından şikayət verəcəkləri təqdirdə ortaya qoyacaqları əsas arqumentlər əllərindən hadisə baş verən andan özləri də istəmədən çıxıb. Qəza “Təhlükəsiz şəhər”in kameralarına düşüb, qəzada 2 nəfər yaralanıb, 2 nəfər ölüb, qəzadan sonra Nail Allahverdiyev hadisə yerindən qaçıb. Vəkillər çıxıb desələr ki, həbs qərarını ev dustaqlığı ilə əvəzləyin, onlara hakim sadaladığımız arqumentlərlə cavab verəcək. Hadisə yerindən qaçmaq məsələsi olmasaydı, yenə də həmin qərarı mübahisələndirmək olardı. Adam hadisə yerindən qaçıb. Buna görə də heç bir hakim məsuliyyəti üzərinə götürüb Nail Allahverdiyevi ev dustaqlığına buraxmazdı. Çünki sabah o, istintaqdan yayınsa, qaçıb gizlənsə, məhkəməyə deyəcəklər ki, hansı əsasla, arqumentlə onun barəsindəki həbs qərarını ev dustaqlığı və ya digər qəti imkan tədbiri ilə əvəzlədin".
Ə.Kərim 4 aylıq istintaq müddətinin qəzanın ununtdurulmasına görə seçilməsi haqda fikirlərlə tanış olduğunu deyir. Düşünür ki, ilkin istintaq müddətinin məhz 4 ay seçilməsi avtoqəza üzrə keçiriləcək ekpertizalarla əlaqədardır: “Ümumilikdə bəli, razılaşmaq olar ki, aşkar şəraitdə törənən bir hadisə üçün 4 aylıq istintaq müddəti niyə gərəkdir. Amma iş üzrə avtotexniki ekspertiza keçirilməli, qəza zamanı dünyasını dəyişmiş mərhumların və sağ qalıb ağır yaralanan şəxslərin də məhkəmə-tibbi müayənələrinə dair ekspertizaların rəyləri alınmalıdır. Əvvəllər belə işlər üzrə istintaq müddəti 2 ay idi. Sonradan müddət 4 aya qədər artırıldı. Adətən belə işlər üzrə istintaq müddəti daha az verilir. Bu işin faktiki hallarınəı xırdalıqlarına qədər bilmirik deyə niyə 4 aylıq istintaq müddətinin verildiyini də konkret söyləməyə çətinlik çəkirəm”.
Ə.Kərim hüquqi baxımdan iş üzrə həbs müddətinin maksimum seçilməsinin hadisənin unutdurulmasına hesablanan addım kimi qəbul etməyin düzgün olmadığını bildirib: “İstintaq orqanının 4 ay vaxt istəməsi o demək deyil ki, məhkəmə 4 ay vaxt verməlidir. Məsələnin bu tərəfi də var ki, prokurorluq 4 aylıq müddət bitəndən sonra əlavə olaraq müddətin 4 ay da artırılmasını istəyə bilər. Haradasa razılaşmaq olar ki, bu müddətdə hadisə unudulacaq, yaddan çıxacaq”./musavat.com
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?