Bu gün Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan tərəfindən işğalından 24 il keçir. 23 avqust 1993-cü ildə Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilən Füzuli rayonunun ümumi sahəsi 139393 hektardır. Füzuli rayonunun qərb hissəsindən (50 kənd və rayon mərkəzi) 125368 hektar ərazi hələ də erməni işğalı altındadır. Rayonun işğaldan azad olunmuş ərazisində isə 13 qəsəbə və 20 kənd var.
1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşüb, yüzlərlə rayon sakini şəhid olub, yaralanıb, itkin düşüb. Füzuli rayonu müharibədə 1100-dən çox şəhid verib, 1450 rayon sakini əlil olub. Erməni işğalı altında olan Füzuli rayonu təbii sərvətlər baxımından çox zəngindir. Rayonda ümumi ehtiyatları 58858 min kvadrat metr olan və mişar daşı istehsalına yararlı istismar olunan 2 (Dövlətyarlı, Dilağar) əhəngdaşı, kərpic-kirəmit istehsalına yararlı 11211 min kvadrat metr ehtiyatlara malik Kürdmahmudlu gil, ehtiyatları 13053 min kvadrat metr olan Quruçay qum-çınqıl qarışığı yataqları var.
Rayon ərazisində yaşı 200 ildən 1400 ilə qədər olan 11 ədəd Şərq çinarı təbiət abidəsi kimi pasportlaşdırılıb və işğala qədər mühafizə olunub.
Füzuli rayonu Azərbaycan xalqının ən qədim yaşayış məskənlərindən biri kimi də tanınır.
1993-cü ilin 23 avqustunda Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hücumu Cəbrayıl rayonunun da işğalı ilə nəticələndi. Cəbrayılın işğalı ilə başa çatan döyüşlərdə 180 nəfər şəhid olub. 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın şəxs Qarabağ müharibəsi əlili statusu alıb.
Ərazisi 1050 kvadrat kilometr olan Cəbrayılın Ermənistan silahlı qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb. Hazırda Cəbrayıl üzrə 351 nəfər şəhid ailəsi var. Cəbrayıldan olan 61100 məcburi köçkün 58 rayonda, daha çox isə Beyləqan, İmişli, Sabirabad, Biləsuvar rayonlarında məskunlaşıb.
Cəbrayıl rayonu da qədim yaşayış məskənlərimizdən biridir və zəngin yeraltı sərvətlərə, təbii gözəlliyə malikdir. Rayonda yaşı 200-1600 olan 14 ədəd iri diametrli Şərq çinarı və digər qiymətli ağaclar, həmçinin Dağtumas kəndində “Divlər sarayı” adlanan mağara təbiət abidəsi kimi qorunurdu. Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib.
Azərbaycan ordusunun ötən ilin aprel döyüşlərində erməni təxribatına layiqli cavab verərək Cəbrayıl rayonun Lələtəpə yüksəkliyini işğaldan azad etməsi Cocuq Mərcanlı kəndi də daxil olmaqla, böyük bir ərazinin erməni hərbçilərinin nəzarətindən çıxması ilə nəticələndi. 1994-cü ildə işğaldan azad edilən Cocuq Mərcanlı kəndi Lələtəpə yüksəkliyində yerləşən işğalçı erməni hərbçilərinin atəş nöqtəsi idi. Bu səbəbdən əhalinin kəndə geri qaytarılması mümkün deyildi. Lələtəpənin azad olunmasından sonra bu problem həll edildi. Prezident İlham Əliyevin sərəncamı ilə kəndin bərpası qısa müddətdə həyata keçirildi və artıq bir neçə aydır Cocuq Mərcanlıda yaşayış təmin edilib.
Bu hadisə Füzuliyə, Cəbrayıla və işğal olunmuş digər rayonlarımıza böyük qayıdışın gec-tez reallaşacağına ümid verən hadisə kimi qiymətləndirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?