"Mehman Əliyevin həbsdən azad edilməsi ölkə başçısı cənab İlham Əliyevin media ilə bağlı məsələlərə həssas yanaşmasının növbəti bariz nümunəsidir. Biz Mətbuat Şurası olaraq həmişə buna inanmışıq və əmin idik ki, yaranmış insident dövlət başçısının şəxsi diqqəti sayəsində ədalətli şəkildə araşdırılaq, Mehman Əliyevə münasibətdə qanunvericilikdə nəzərdə tutulan humanist addım atılacaq".
Bunu Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov açıqlamasında deyib.
Ə. Amaşov bildirib ki, dövlət başçısının ölkədə söz və ifadə azadlıqlarının təminatçısı olması dəfələrlə təsdiqini tapmış danılmaz reallıqdır. «Əlbəttə, Mehman Əliyevlə bağlı məsələ araşdırılacaq. Ancaq hesab edirik ki, onun azadlıqda olması mühüm şərtdir. Dövlət başçısının mediaya yanaşması da bundan ibarətdir. Buna görə, ayrıca Mətbuat Şurasının Mehman Əliyevlə bağlı müraciətinə həssas yanaşdığı üçün cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk», - deyə Ə.Amaşov vurğulayıb.
MŞ sədri həmçinin bildirib ki, prezident İlham Əliyev çıxışlarında Azərbaycanda jurnalist həbsi ilə bağlı məsələlərdə bir növ, moratoriumun qeydə alındığını bildirib. Burada başlıca məqam ümumən media təmsilçilərinin fəaliyyətinin cəmiyyətdə söz və ifadə azadlıqlarının dərinləşməsinə yönəlməsidir: «Söz və məlumat azadlığı ali demokratik dəyərdir. Buna görə də kütləvi informasiya vasitələrinin əməkdaşları sırf peşə fəaliyyətinə görə cinayət məsuliyyətinə cəlb edilmirlər. Cənab Prezidentin iradəsi belədir və hələ 2009-cu ildə bununla əlaqədar rəyi olub. Prinsipial məqam budur. Bir neçə il öncə «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili həbs ediləndə də cənab İlham Əliyev eyni prinsipiallığı nümayiş etdirmişdi. Prezidentin mövcud istiqamətdəki yanaşması jurnalistika baxımından böyük jestdir. Bir daha cənab İlham Əliyevə Mətbuat Şurası və ölkəmizin media ictimaiyyəti adından dərin təşəkkürümüzü bildiririk»./APA
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?