Ötən həftə dostlarla görüşmək üçün Sumqayıt şəhərinə getməli oldum. Ancaq yolda gördüklərim məni xeyli düşündürdü. Mənim gedəcəyim tərəf Sumqayıtın Xəzər sahilləri idi. Adətən ora getmək üçün “Azadlıq” metrostansiyasının qarşısından 123 nömrəli nəqliyyat avtobusana minərək 40 dəqiqə ərzində çatmaq olur. Bir müddət əvvəldə ictimai nəqliyyatdan istifadə edərək qeyd edilən əraziyə getmişdim. O zaman 123 nömrəli avtobus Novxanı kəndinin mərkəzində dayandı və elan olundu ki, bura sonuncu dayanacaqdır. Səbəb kimi də Binəqədi-Novxanı-Corat yolunun təmiri göstərildi. Həqqiqətəndə yolda təmir işləri aparılırdı. Həmin zaman 123-dən düşərək 985 nömrəli ictimai nəqliyyatla son mənzilə min bir əziyyətlə olsa da, çata bilmişdim.
Bu dəfə isə tamam başqa vəziyyətlə qarşılaşmalı olduq. Baxmayaraq ki, sözügedən yol tam təmir edilmişdi və ictimai nəqliyyatdan istifadə etməklə Corata 30 dəqiqəyə çatmaq mümkün ola bilərdi. Amma avtobus Novxanıdan dənizkənarına düşən kimi dayandı və elan etdi ki, bura nəqliyyat vasitəsinin sonuncu dayanacağıdır. Maraqlandığımda bəlli oldu ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti 123 nömrəli avtobusu öz ərazisinə buraxmır. Bu səbəbdən də sonuncu dayanacaq kimi Novxanının dənizkənarı çimərliyi seçilib. Buradan isə 2 nömrəli ictimai nəqliyyata minərək Sumqayıta getmək olar. Düzdür, avtobusları təzədir, gözəldir, üzərində Sumqayıt Şəhər İcra Hakimiyyəti sözləri də yazılıb. Ancaq insana xidmət etməyən istənilən gözəllik dekorasiya məqsədi daşıyır. Həm də iki ay əvvəl Bakıdan Corata getmək 40 qəpiyə başa gəlirdisə, indi bunun üçün 60 qəpik ödəməlisən, üstəlik avtobusdan düşüb digər avtobusa minməli, əlavə olaraq 5-10 dəqqiqə zamanını itirməlisən. Bu da faktiki olaraq insanın xidmət etmir, həm onun cibinə girir, həm də əlavə vaxt itkisi yaradır.
Bu hadisə mənə bir məsələni xatırlatdı. Bir neçə il əvvəl “Azadlıq” metrostansiyasının qarşısından Sumqayıtın mərkəzinə 998 nömrəli avtobus işləyirdi. Bu avtobusdan istifadə edən sərnişinlərin sayı da çox olurdu. Sonradan Sumqayıt icra başçısı olan Eldar Əzizov özünü şəhərin şahı kimi apararaq bu avtobusu şəhərə buraxmadı, nəticədə 998 nömrəli avtobus 123 nömrə adı altında Corat qəsəbəsinə qədər işləməli oldu. İndiki icra başçısı Zakir Fərəcovda özünü şəhərin sultanı zənn edərək 123 nömrəli avtobusu ümumiyyətlə Sumqayıtın qəsəbəsi olan Corata buraxmamaq qərarı verib. Zərbə yenə də sadə insanlara dəyir. Zatən bu qərarlara görə nə Zakir Fərəcov, nə də keçmiş başçı Eldar Əzizov əziyyət çəkir.
Sumqayıt simasında yerli xanların, sultanların niyə insanlara əlavə əziyyət verən, onların cibinə girən və vaxtını alan belə qərarlar verilir? İnsanı düşündürən məsələ də zatən budur! Heç şübhəsiz ki, bu qərarlar həmin xanların varlanmasına hesablanıb. Əks təqdirdə XXI əsrdə nədən məmur özünü xan hesab edərək insanlara əlavə əziyyət vermək haqqında düşünsün?
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?