Moskvada sentyabrın 14-də azərbaycanlı oliqarx-keçmiş milyarder Telman İsmayılova aid 12 ünvanda aparılmış qəfil axtarışla bağlı yeni nüanslar üzə çıxıb.
gundemxeber.az virtualaz.org-a istinadən xəbər verir ki, bu axtarışlar İsmayılov qardaşlarının adı keçən cinayət işində yeni şahid ifadəsi əsasında aparılıb.
Telman İsmayılovun qardaşı Rafiq İsmayılov biri keçmiş ortağı olmaqla iki biznesmenin qətlini sifariş etmək ittihamı üzrə həbsdədir. Digər qardaşı Vaqif İsmayılov da bu qətllərlə bağlı axtarışa verilib. Hələlik Telman İsmayılovun adının bu cinayət işində fiqurant kimi keçdiyinə dair məlumat yoxdur. Bununla belə Rafiq İsmayılovun həbsindən sonra Telman İsmayılovla digər qardaşı arasında aparılan telefon söhbətinin fraqmenti mətbuata sızdırılıb. Orada qardaşı T.İsmayılovdan xahiş edir ki, hüquq-mühafizə orqanlarındakı adamlarının köməyi ilə Rafiqi xilas etsin.
Crimerussia.ru saytının yazdığına görə oliqarxın ətrafında aparılan istintaq tədbirləri ilə tanış olan mənbə deyib ki, İsmayılovların işi üzrə cinayət işində tezliklə güc strukturlarının bir neçə yüksək rütbəli nümayəndələri də fiqurant ola bilər. Bu, ilk növbədə İsmayılovlar ailəsinin qurduğu korrupsiya vertikalı barədə detalları istintaqa danışan gizli şahidin ifadəsi ilə bağlıdır.
Gizli şahidin ifadəsinə əsasən İsmayılovların "Praqa" restoranında və Perovka küçəsində yerləşən ofislərindən güc strukturlarının xeyli korrupsiyalaşmış nümayəndələri keçib. Onlar hüquq-mühafizə orqanlarının xətti ilə İsmayılovların "boz" qaçaqmalçılıq sxemlərini dəstəkləyib, habelə "Çerkizovsk" bazarına və ailənin digər biznes obyektlərinə "krışalıq" ediblər.
Məxfi şahid deyib ki, İsmayılovun "yemlədiyi" poqonluların köməyindən onları cinayət təqibindən qorumaq üçün istifadə olunurdu. İsmayılov qardaşları ilə bağlı olan hüquq-mühafizə orqanları əməkdaşları onlardan göstərdikləri xidmətə görə aylıq haqq alırdı.
Mənbələrin bildirdiyinə görə İsmayılov qardaşlarının işi üzrə əməliyyat tədbirlərinə Federal Təhlüksizlik Xidmətinin mərkəzi aparatının əməkdaşları da qoşulub. Telman İsmayılov özü isə hazırda Antalyada "Mardan Palace" otelinin ərasizindəki malikanəsində yaşayır. Məlumatlara görə o, başına gələnləri qardaşının sifariş etdiyi qətllərlə deyil, BTB bankın rəhbərliyi ilə bağlayır. Bank neçə vaxtdır ki, T.İsmayılova və ətrafına qarşı məhkəmə iddiaları qaldırır, onun müflis elan edilməsi də bankın iddiası əsasında baş tutub.
Sorğu
Yeni dizaynımız necədir?