Yaqub Eyyubov öz arzusunu reallaşdırmaq üçün Kremldəki əlaqələrini işə salıb
Dəyərli oxucularımız arasında “Kitabı-Dədə Qorqud” dastanını oxumayan çox az sayda insan olar. Bu dastan haqda heç eşitməyən, az-çox məlumatı olmayan azərbaycanlı isə demək olar ki, yoxdur. Həmin dastanda maraqlı bir epizod tez-tez xatırlanır: “Xanlar xanı Bayındır xan ildə bir dəfə şadlıq edib, oğuz bəylərini qonaq edərdi. Yenə şadlıq məclisi qurub, atdan ayğır, dəvədən buğra, qoyundan qoç qırdırmışdı. Bir yerdə ağ otaq, bir yerdə qırmızı otaq, bir yerdə qara otaq qurdurmuşdu. “Oğlu olanı ağ otağa, qızı olanı qırmızı otağa yerləşdirin. Kimin oğlu-qızı yoxdursa, qara otaqda oturdun, altına qara keçə döşəyin, önünə qara qoyun ətinin qovurmasından gətirin. Yeyir-yesin, yemirsə, dursun getsin” demişdi...”.
“Kitabı-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac boyu”nda yer alan bu faktı dəyərli oxucularımıza xatırlatmağımız heç də təsadüf deyil. Amma mətləbə keçməzdən öncə onu da qeyd edək ki, qədim türklərdə oğul və qız övladına heç bir fərq qoyulmayıb. Sadəcə, nəslin davamçısı olduğundan, hər bir ailədə oğlan övladının olması arzuedilən olub. Hansısa bir ailənin oğlan övladı olmayanda isə, adətən qız uşaqlarından birini oğlan kimi böyüdüb, ona qılınc vurmağın, ov ovlamağın və s. sirləri öyrədilib. Bu isə dolayısı ilə həm də onu deməyə əsas verir ki, “türk at belində doğulur” deyimi boşuna səslənməyib. Təbii ki, “at belində doğulan” bu körpə də valideynin davamçısı olmaqla yanaşı, vətəni qorumaq, ona xidmət etmək üçün böyüdülürdü. Bu baxımdan da, vətən uğrunda şəhid olan türk qəhrəmanın valideynləri, doğmaları ağlamaz, ona uzun müddət yas saxlanmazdı. Hansı ki, günümüzdə də çox nadir hallarda olsa da, belə bir mənzərə ilə qarşılaşırıq...
“Kitabı-Dədə Qorqud” dastanı haqda oxucularımıza məlumat verməyimizin başlıca səbəbi budur ki, bu gün həmin adət-ənənələr yoxa çıxmaqda, toplum cılızlaşmaqdadır. İndi əksər ailələr hələ ibtidai sinifdə oxuyan övladını gələcəkdə hərbi xidmətdən necə yayındırmağın yollarını arayır, uşaqlara vərənpərvərlik ruhu aşılanmaq əvəzinə, dövləti necə talamağın yolları öyrədilir. Təəssüf ki, xüsusən də zəngin ailələrdə - məmur ailələrində bu mənzərə ilə daha çox qarşılaşırıq. Bunun nəticəsidir ki, bəzi rüşvətxor, talançı məmurların övladları hələ yeniyetmə vaxtlarından onun “layiqli” davamçısına çevrilir və qısa zamanda ondan da böyük talançılıq edir, necə deyərlər, öləndə də atasına rəhmət oxutdurur...
Yaqub Eyyubov övladlarına dövləti talamağın yollarını öyrədib?
Bu yaxınlarda “Azərbaycanın pulyuyan maşını” adı verilən, bir sıra vəzifəli şəxslərin və övladlarının adı keçən 2,9 milyard ABŞ dolları həcmində vəsaitin xarici ölkələrdə “yuyulması” faktı dediklərimizin bariz nümunəsi hesab oluna bilər. Xatırladaq ki, ötən sayımızda dərc olunan “Yaqub Eyyubovun silah biznesindən əldə etdiyi milyardlar” sərlövhəli yazıda bu haqda müəyyən qədər açıqlama vermişdik. Eyni zamanda, oxucularımıza mövzu ilə bağlı daha geniş açıqlama verəcəyimizi bildirmişdik...
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (Organized Crime and Corruption Reporting Project – OCCRP) “Azərbaycanın pulyuyan maşını”adlı araşdırmasında Yaqub Eyyubovun iki oğlunun – Emin və Orxanın adının keçməsi, əslində, “normal”dır. Yuxarıda qeyd etdiyimizi kimi, görünür, Y.Eyyubov da əksər məmurlar kimi övladlarını vətənə xidmət etmək üçün deyil, vətəni talamaq ruhunda böyüdüb. Əks halda biz aşağıdakı biabırçı faktların şahidi olmazdıq:
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin araşdırmasında qeyd olunur ki, ABŞ-ın Merilənd ştatında, Baltimor şəhərində yerləşən və ABŞ-ın ən aparıcı tibb müəssisələrindən biri olan (dəyəri 8 mlrd. dollardır – müəl.) "John Hopkins Medicine" 2012-2013-cü illərdə Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və onun oğlu, Azərbaycanın Avropa Şurasında səfiri olan Emin Eyyubov üçün "Metastar"dan 12,381.33 dollar alıb.
Emin Eyyubov "OCCRP"-yə deyib ki, "Metastar" onun və ailəsinin ABŞ və Almaniyada müalicəsinin təşkili üçün vasitəçilik edib. O, "Metastar"a ödənişlərin Bakıda edildiyini bildirib.
"Northen Pharmacy" 2012-ci ildə "Metastar Invest"dən Azərbaycanın Avropa Birliyindəki səfiri Emin Eyyubov üçün 2,112.70 dollar alıb.
ABŞ firması olan "Northen Pharmacy and Medical Equipment" tibb ləvazimatları, diabetik vasitələr təklif edir. Firma 75 ildir fəaliyyət göstərir.
“Velasco International Inc.”ə 2012-2013-cü illərdə “Metastar Invest”dən 9 mln. dollar köçürülüb.
“Velasco International Inc.” Britaniyanın Vircin adalarında qeydiyyatdan keçirilən ofşor şirkətdir. Bu şirkətin Kiprlə də bağları var.
Şirkət 2007-ci ildə Panama firması “Mossak Fonseca” vasitəsilə qeydiyyatdan keçirilib, 2015-ci ildə isə ləğv olunub.
Şirkətin Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu Orxan Eyyubova məxsus olduğu bildirilir. “Velasco International Inc.”in qeydiyyat ünvanı Yaqub Eyyubovun Bakı AZ1025, Yusif Səfərov küçəsi 1/A, mənzil 20-də yaşadığı evin ünvanı ilə üst-üstə düşür. Emin Eyyubov “Velasco International Inc.”, “Mossak Fonseca”nın özü və ailəsi arasında əlaqələr haqqında heç bir məlumata malik olmadığını deyib. O, əlavə edib ki, heç ailəsinin Bakıdakı yaşayış ünvanını da bilmir.
Sızdırılan bank sənədləri göstərir ki, Budapeştdə Yaqub Eyyubovun oğluna məxsus bank hesabına “pulyuyan maşın” vasitəsilə milyonlarla vəsait köçürülüb.Bu ödənişlər üçün edilən pulun bir hissəsi Rusiyanın dövlət müəssisəsi və əsas silah ixracatçısı olan “Rosoboronexport” şirkəti tərəfindən gizli əməliyyat şəklində köçürülüb. Bu ödənişlərin nə üçün edildiyi məlum deyil.
Macarıstanın milyonları
Panama sənədləri ilə yanaşı Macarıstan arxivlərindən əldə olunan sənədlər də göstərir ki, Eyyubovun ailəsi “Metastar”dan tibbi xidmətlərdən başqa işlər üçün də istifadə edib (Panama sənədləri “Mossak Fonseka” tərəfindən Almaniyanın “Süddeutsche Zeitung” qəzetinə sızdırılan və Araşdırmaçı Jurnalistlər Konsorsiumu və “OCCRP” ilə paylaşılan sənədlərdir).
2012-ci il iyulunda “Metastar” Britaniya Vircin adalarında qeydiyyatdan keçən “Velasco International Inc” adlandırılan şirkətin Macarıstandakı bank hesabına ümumi məbləği 7.6 milyon dollar olan çoxsaylı ödənişlər edib. Məlum oldu ki, bu şirkət də Yaqub Eyyubovun oğlu Orxan Eyyubova məxsus olub.
“Velasco” “Mossak Fonseka” tərəfindən Macarıstanda ofşor şirkətlərin yaradılması üçün istifadə olunan “Lveco”nun sorğusu əsasında qeydiyyatdan keçirilib.
Yazışmaların birində “Laveco” agentliyi “Mossak Fonseka”dan payçıların adlarını çəkmədən “Velasko”nun appostol sənədləri üçün bəzi sənədlərin göndərilməsini istəyir. Bu sorğu məktubun içində qırmızı rənglə qeyd olunub.
Əlavə bir neçə sənədlərdə də “Velasco”nun Eyyubovlar ailəsinə məxsus olduğu qeyd olunur. “Mossak Fonseka”nın məlumat bazasındakı sənədlərdə qeyd olunur ki, şirkət Bakı, Yusif Səfərov kuçəsi 20, 1/A ünvanında qeydiyyatdan keçirilib.
"OCCRP”nin müxbiri həmin ünvana baş çəkəndə nəzarətçi deyib ki, binanın 7-ci mərtəbəsindəki 19 və 20 nömrəli iki mənzil Yaqub Eyyubova məxsusdur. Gözətçi Eyyubovu adı nazir kimi də yox, prezidentin naziri kimi təqdim edib.
Panama sənədləri göstərir ki, eyni ünvan Orxan Eyyubov tərəfindən çoxlu sayda pasport və “Mossak Fonseka”nın xidmətlərindən istifadə etməklə iki ofşor şirkətin qurulması üçün də istifadə olunub. O şirkətin Birləşmiş Krallıqda qeydiyyatdan keçirilməsi üçün Britaniya pasportundan da istifadə edib. Passportdakı şəxs Britaniya şirkətlərinin reyestrində Kanada sakini kimi göstərilir.
Azərbaycanın “pulyuyan maşın”ı 2012-ci il iyulun 19-da “Velasco”nun hesablarına pul axıtmağa başlayır. “Metastar”dan “Velasco”ya ilk köçürmə 2012-ci il iyulun 12-də həyata keçirilir: 356,774 dollar.
Ümumi məbləğ 7.6 mln. dollar olan 27 ödəniş “Velasco”nun Macarıstan və Kiprdəki hesablarına köçürülüb. Şirkət 2015-ci ilə Macarıstan agentliyinin sorğusu əsasında ləğv olunur və pul köçürmələrinin harda dayandırıldığı məlum deyil.
Pulun bir hissəsi həm idxalatçı, həm də ixracatçı olan Rusiya dövlət şirkəti “Rosoboronexport"dan köçürülüb. Şirkət “Metastar”ın hesabına ümumilikdə 29 mln dollar köçürüb.
Yaqub Eyyubovun özü OCCRP-nin suallarını birbaşa cavablandırmayıb, amma onun oğlu Emin Eyyubov sualları atasına yönləndirməyi xahiş edəndə deyib:
“Sizə deyirəm ki, mənə və ailəmə bağlı olduğu bildirilən “Laveco”, “Velasco”, “Mossack Fonseca” və Rusiya şirkəti haqqında heç bir məlumatım yoxdur, hətta indiyək mən ailəmin Bakıda hansı ünvanda yaşadığını bilməmişəm. Mən bu şirkətlərin nə ilə məşğul olması haqda, ümumiyyətlə, xəbərsizəm. Tək bildiyim odur ki, “Metastar”mənə və ailəmə ABŞ və Almaniyanın müxtəlif tibb mərkəzlərində müalicənin təşkili üçün vasitəçi xidmətləri göstərib və biz “Metastar”a Bakıda ödəniş etmişik. Mən “Metastar” və digərlərinin hansı işlə məşğul olduğunu bilmirəm. Mənim “Metastar”ın hansı ölkələrdə, hansı maliyyə institutlarında hesablarının olması haqda heç bir məlumatım yoxdur.”
Eyyubovlara “dur!” deyəcək bir güc varmı?
Təbii ki, yuxarıda sadalanan faktlar eyyubovların talançılıq əməllərinin çox cüzi bir hissəsidir. Nəzərə alsaq ki, Azərbaycan hakimiyyətində “eyyubovların” sayı heç də az deyil, deməli ölkədəki krizisin səbəbi də bəllidir. Burada heç bir şişirtmə yoxdur. Lakin təəssüf ki, ard-arda gələn dövləti cinayətlərin sayının artması, bunun dövlətin gərəkən qurumları tərəfindən görməzdən gəlinməsi, cinayətlərə adekvat cəzanın verilməməsi və bu mühitin yeni hadisələrə sövq etməsi ölkəni daha da uçuruma aparır.
Üstəlik, bu, həm də hüquqi nihilizmin göstəricisidir. Bir ölkənin nazirləri, generalları, deputatlarının adları dövləti cinayətlərdə, rüşvətxorluqda, korrupsiyada, hakimiyyət qollarının formalaşdırılmasında saxtakarlığa yol verməkdə hallandırılır, bütün bunlara rəğmən, kimsə cəzalandırılmır. Cəzalandırılanlar yalnız həmin məmurların qaranlıq əməllərini ifşa edən jurnalistlər olur…
Milyardlıq yeyinti altında “boğulan” məmurun yüksəlmək arzusu…
Ən maraqlısı isə odur ki, adı milyardlıq yeyintilərdə hallanan Yaqub Eyyubov, görünür, öz sərvətini bir qədər də artırmaq üçün, daha yüksək post uğrunda savaş aparır. Belə ki, mənbənin sözlərinə görə, son ilə qədər baş nazirlik sevdasında olan Y.Eyyubov, sonuncu referendumdan sonra vitse-prezidentlik iddiasına düşüb. Bu arzusunu gerçəkləşdirmək üçün onun son zamanlar Kremldəki bağlantılarını işə saldığı haqda məlumatlar var.
Əlbəttə, Yaqub müəllimin istəklərinə rəğmən, sonuncu biabrıçı ifşadan sonra onun vitse-prezident yolunun rəvan olacağını demək olmaz. Çünki bu yolda maneələr yox deyil və bu əngəlləri aşmaq o qədər də asan olmayacaq. Baş nazirin birinci müavininin işini çətinləşdirən amillərdən biri təkcə ona hakimiyyət daxilində etimadın olmaması ilə bağlı deyil. Ötən yazımızda da qeyd etdiyimiz kimi, Yaqub Eyyubovun səlahiyyət kurasiyasına görə, ölkəyə alınıb gətirilən bütün silah- sursatlar məhz onun nəzarəti və bilavasitə iştirakı ilə həyata keçirilir. Silah alveri isə bütün dünyada qaranlıq iş kimi tanınır. Burada heç bir şəffaflıq olmadığı üçün alqı-satqıda bir çox manipulyasiyaların olmadığını heç cür iddia etmək olmaz.
Başqa tərəfdən, zaman-zaman mətbuatda müəyyən sövdələşmə əsasında ölkəyə yararsız, istismar müddəti qurtarmış texnikaların, təyyarələrin alınıb gətirilməsi haqda informasiyaların dərc olunması da heç kimin yaddaşından çıxmayıb. Mənbənin iddiasına görə, bu gün o və ona oxşar proseslər baş verməkdə davam edir. İddiaya görə, bəzi güc qurumlarına, xüsusilə Daxili Qoşunlar və Sərhəd Xidmətinə onlara aidiyyatı olmayan silahlar sırınır. Hətta uyğunsuz silah-sursatların təhvil alınmasında etirazların olduğu və bəzi silah növlərinin istismara qəbul edilmədiyi, aylarla havadan asılı qaldığı haqda informasiyalar da dolaşır. Bütün bunlar deyilməyənlərin və ictimaiyyət tərəfindən bilinməyənlərin bir hissəsi kimi, Yaqub Eyyubovun vitse-prezidentlik kreslosuna doğru yolunu bağlayan amillərdir... Ən nəhayət, ölkə prezidenti vitse-prezident postuna kimlərisə hazırlayarkən ictimai rəyi də müəyyən mənada diqqətə almaq məcburiyyətindədir. Bu isə Yaqub Eyyubov üçün heç də ürəkaçan deyil. Çünki bu vaxtadək cəmiyyət Yaqub Eyyubovdan xüsusi seçiləcək davranış və fədakarlıq görməyib. Üstəlik, bu gün dünya gücləri, xüsusilə Qərb dünyası Azərbaycan hakimiyyətindən ciddi islahatlar tələb edir. Belə bir həssas dönəmdə isə özünü AZƏRBAYCAN XALQININ DEYİL, RUSİYA XALQININ VƏ VLADİMİR PUTİNİN “xidmətçisi” hesab edən bir məmurun Azərbaycanda vitse-prezident postuna gətiriləcəyi heç də inandırıcı deyil.../hurriyyet.org
Sorğu
Yeni dizaynımız necədir?