Maliyyə böhranı səbəbindən “Nikoil Bank” ASC-də müəyyən islahatlar aparıb, vəziyyətdən çıxış yolu tapmağa çalışsalar da, istənilən nəticə əldə olunmayıb. Məlumata görə, bankda digər problemlər də yaranıb.
gundemxeber.az-ın Reyting.az saytına istinadən xəbərinə görə, “Nikoil Bank”dakı vəziyyəti “Milli yol”a şərh edən mənbə iddia edir ki, bankın Hüquq departamentinin rəisi Vüqar Kərimov bank rəhbəri Nikoloz Şurqaia və digər şəxslərlə maliyyə fırıldağına əl atır:
“Məhkəmələr tərəfindən təyin olunmuş girov əmlakların qiymətləndirilməsi ilə bağlı ekspertizalarda vətəndaşların girov əmlakına dəyərindən dəfələrlə aşağı qiymət qoyulur. Bu prosesdə uduzan tərəf isə sahibkar və sadə vətəndaş olur. Bu səbəbdən də, əlacsız qalan insanlar Vüqar Kərimov və bankın digər məsul şəxsləri ilə “anlaşmaq” məcburiyyətində qalırlar”.
Məlumata görə, bankdan girov müqabilində kredit götürən kiçik sahibkarlar Vüqar Kərimov və ASC-nin digər məsul şəxslərinin bürokratik maneələri ilə üzləşirlər.
Müştərilərin narazı salınmasına səbəb olan problemlərdən biri də banka girov qoyan sahibkarların götürdükləri kreditləri ödəyə bilmədikləri halda, satışa çıxarılan əmlaklarlarının hərracda dəyərindən aşağı qiymətə salınmasıdır. Qeyd olunur ki, “Nikoil Bank”ın Hüquq departamentinin rəhbəri əmlakı “dəyərdən salmaqda” o qədər mahirdir ki, hətta onun bu məharəti götürdüyü kredit dəyərində əmlakı əlindən alınmış sahibkar və sadə vətəndaşları yenidən bank qarşısında borclu qoyur. Yəqin elə bu səbəbdəndir ki, hazırda onlarla sahibkar banka borclu qalıb.
Məlumata görə, “Nikoil Bnak”da baş verənlərə rəğmən bank rəhbəri Nikloz Şurqai Vüqar Kərimovun müdafiəsindən əl çəkmir. Eyni zamanda V.Kərimovu hakimiyyətdə yüksək vəzifə tutan mötəbər bir şəxsin himayət etdiyi də bildirilir.
Saytın iddiasına görə, Hüquq departamentinin rəhbəri məhkəmə işləri ilə bağlı məsələdə də maliyyə fırıldaqlarına əl atır.
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Nikoloz Şurqaianın “Nikoil Bank” İdarə Heyətinin sədri vəzifəsinə təyin edildikdən sonra yerli işçilərə qarşı qeyri-insani rəftar nümayiş etdirməsi və bankın bəzi əməkdaşlarını "gözümçıxdı"ya salması barədə məlumatlar dərc edilmişdi.
Məlumatda bank rəhbərinin "Facebook" sosial şəbəkəsində ermənilərlə yaxından dostluq etməsi və Azərbaycan xalqının adət-ənənələrinə, faciələrinə biganə münasibət bəslədiyi də qeyd edilib.
Xatırladaq ki, son aylar mətbuatda “Nikoil Bank”ın yeni rəhbərliyinin fəaliyyətsizliyi və bankdakı maliyyə fırıldaqları ilə bağlı mütəmadi olaraq məlumatlar dərc edilir. Bunların bank tərəfindən təkzib edilməməsi isə yazılanların həqiqət olmasına işarədir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?