Rusiyanın Krasnodar vilayətində 20 ilə yaxındır insanları öldürüb yedikləri üzə çıxan ər-arvad adamyeyənlər Dmitri və Natalya Bakşeyevlərin qurbanları arasında azərbaycanlı tələbə də ola bilər. gundemxeber.az Virtualaz.org-a istinadən xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanları son 20 ilə yaxın müddətdə Krasnodar ərazisində itkin düşmüş şəxslərin siyahısını nəzərdən keçirib və onların sayının təxminən 30 olduğunu müəyyən edib. Bu da manyak-hannibalların qurbanlarının sayı ilə eynidir. Nəticədə hüquq-mühafizə orqanları itkin düşmüş şəxslərin yaxınları ilə əlaqə yaratmağa, onların DNK-nümunələrini götürməyə çalışır.
Xəbər verildiyi kimi Krasnodarda illərdir insanları öldürüb yeyən hannibal ər-arvadın tutulması xəbəri Rusiyanı şoka salıb. Bu hadisənin üstü təsadüfən açılıb. Belə ki, Krasnodarda yol təmiri işləri görən fəhlələr təsadüfən “Samsung” markalı köhnə mobil telefon tapıblar. Fəhlələrdən biri telefonun yaddaşındakı şəkillərə baxanda gördüklərindən dəhşətə gəlib.
Fotolarda öldürdüyü insanların meyitləri ilə şəkil çəkdirən, onların bədən əzalarını ağzına alıb yeyən şəxs əks olunmuşdu. Fotolardan birində isə insan başından hazırlanmış yemək əks olunmuşdu. Bir qədər sonra şəkildəki şəxs təlaşla fəhlələrə yaxınlaşır və mobil telefon görüb-görmədiklərini soruşur. Fəhlələr şəkildəki şəxsi tanıyırlar və mobil telefonu polisə verirlər.
Polis tezliklə telefon sahibinin kimliyini müəyyən edir. Məlum olur ki, buAli Hərbi Dənizçilik Məktəbinin yataqxanasında yaşayan 35 yaşlı Dmitri Bakşeyevdir. Və o, arvadı-keçmiş tibb bacısı Natalya ilə birlikdə həbs edilib. Onların mənzillərində insan başının dərisi, soyuducularında insan ətindən hazırlanmış konservlər tapılıb. Dindirmədə əvvəlcə Dmitri Bakşeyev cəmi bir qadını öldürdüklərini deyir, daha sonra ər-arvad etiraf edirlər ki, indiyə qədər 30-dan çox adam öldürüb yeyiblər.
Hazırda Rusiya mətbuatı bu dəhşətli hadisədən yazır. Hüquq-mühafizə orqanları isə bildirirlər ki, tutulan ər-arvada qarşı hələlik cəmi iki qətl üzrə ittiham irəli sürülüb. Qalan qətllər barədə isə onların cəsədlərinin qalıqları tapılandan sonra ittiham irəli sürülə bilər.
Manyak-hannibalların qurbanları arasında isə azərbaycanlı da ola bilər. Belə ki, ehtimallara görə Fyodr Uşakov adına Hərbi Dənizçilik Akademiyasının 5-ci kurs müdavimi, 2014-cü ilin dekabrında itkin düşmüş azərbaycanlı, Qazaxıstan vətəndaşı , 1992-ci ildə anadan olmuş Arif Koroğluyevin də hanniballar tərəfindən öldürülüb yeyildiyi təxmin edilir. Arif Koroğluyev sonuncu dəfə 2014-ci ilin dekabr ayının 25-də Novorossiysk-Krasnodar avtobusuna minib. Bundan sonra A.Koroğluyevi heç kim görməyib. Bu illər ərzində Novorossiysk hüquq-mühafizə orqanları A.Koroğluyevin itkin düşməsi ilə bağlı axtarışlarını davam etdirib. Rusiya DİN-in regional idarəsi Koroğlyevin itkin düşməsi barədə elan verib. Elana əsasən onun boyu 185 santimetrdir, qara-şabalıdı saçları var, üzərində mobil telefon olub. Amma itkin düşəndən sonra telefonu söndürülüb.
Mətbuat yazır ki, Dmitri Bakşeyev əvvəlcə cəsədinin qalıqları evində tapılmış qadını öldürdüyünü inkar edib. Bildirib ki, cəsəd qalıqlarını “təsadüfən tapıb” və axmaqlıq edərək evə gətirib. Lakin qonşu otaqda dindirilən Natalya hər şeyi etiraf edib. Bildirib ki, Dmitri ilə 17 yaşı olanda tanış olmuşdu. Həmin vaxt Natalyanın gələcək əri özünün ilk qurbanını öldürüb yemişdi. Buna baxmayaraq qızı Dmitrinin manyak-hannibal olması qorxutmur. Onlar evlənirlər və Natalya 20 il ərzində şüurlu şəkildə ərinin vəhşi əməllərinin iştirakçısına çevrilir. Məhkəmə-tibbi ekspertizası onun psixi baxımdan tamamilə sağlam olduğunu, törətdiyi əməllərin nəticəsini dərk etdiyini müəyyənləşdirib.
Qonşular deyirlər ki, ər-arvadın qaldıqları otaqdan həmişə pis qoxu, hansısa dərmanların iyi gəlirmiş. Yataqxananın qarşısındakı mağazanın satıcısı isə xatırlayır ki, bir dəfə Dmitri əlində iri çanta ilə mağazaya daxil olub. Çantanı yerə qoyub və mobil telefonuna aparatdan kontur yükləyib. O, mağazadan çıxıb gedəndən sonra satıcı çantanın yerində qan gölməçəsi görüb, amma bunun heyvan ətinin qanı olduğunu düşünərək şübhələnməyib. Rusiya İstintaq Komitəsi hələlik ölkəni lərzəyə salmış bu manyak-hannibalların işi ilə bağlı geniş açıqlama vermir.
Sorğu
Yeni dizaynımız necədir?