Quba Rayon Təhsil Şöbəsi hicab taxdığına görə müəlliməyə əlavə dərs saatı verməkdən imtina edib.[sub][/sub]
Jalə Dənziyeva adlı müəllimə hicab taxdığı üçün ona əlavə dərs verilmədiyindən şikayətlənib. Qoldnyus.az müəllimənin sözügedən məsələ ilə bağlı şöbənin rəsmi sosial şəbəkə hesabındakı yazışmalarının fotolarını da yayıb. Məsələ ilə bağlı Quba rayon Təhsil Şöbəsinin müdiri Loğman Müslümov Axar.az-a bildirib ki, din dövlətdən ayrı olduğuna görə müəllimələrin hicab bağlaması məqsədəuyğun deyil. “Hicabla dərsə girmək olmaz. Azərbaycanda din dövlətdən ayrıdır. Hicablı müəllimə məktəbdə dərs deyirsə, o, uşağa necə tərbiyə verə bilər? Müəllimənin dərsinə və savadına bizim şübhəmiz yoxdur. Biz, sadəcə, tapşırığı icra edirik. Həmin xanım bir məktəbə biologiya müəllimi düşüb və dərs saatı az olduğuna görə başqa bir məktəbdən fənnini tədris etmək üçün əlavə dərs istəyir. Sadəcə olaraq biz başıbağlı olduğuna görə həmin xanıma tövsiyyə etmişik ki, məktəbə hicabsız getsin. Biz dövlət məktəbiyik. Heç kəsi zorla bayıra ata bilmərik. Bunlar sadəcə tövsiyyədir. Tövsiyyə edirik ki, ay qızım, ay bacım, bu işləri qutarın, eləməyin. Amma həmin şəxs başını açmaq istəmirsə, gedib dərsini deyəcək. Burada heç bir məcburiyyət yoxdur”, - L.Müslümov deyib. Yeri gəlmişkən, Təhsil Şöbəsinin müdirinin “savadından və dərsindən” razı qaldığı J.Dənziyevanın sosial şəbəkədə şöbənin rəsmi səhifəsi ilə yazışmasını əks etdirən bir cümlə diqqətimizi çəkdi. Sitat: “...qaldiki yuxari siniflere onunla raziyam aidiyyati olmayan fənn muellimlerine biologiya fenni verilmesi yol verilmezdir”. Telefonla yazıldığını və “ə”, “ı” hərflərinin olmadığını nəzərə alanda belə, “qaldıki”, “aidiyyati”, “yol verilməz” sözlərinin yazılışı bu müəllimin savadından Təhsil Şöbəsi müdirinin razı qalması məsələsini aktuallaşdırır. Biologiya müəllimi olmaq Azərbaycan ədəbi dilini bilməməyə haqq qazandırırmı?
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?