Atlantik okeanında keçirilmiş beynəlxalq hüquq-mühafizə əməliyyatı yedək gəmisində 4 tona yaxın kokainin aşkarlanması ilə nəticələnib.
Britaniyanın Cinayətkarlıq əleyhinə Dövlət Agentliyinin (NCA) yaydığı məlumata əsasən, bu struktur tərəfindən ötürülən məlumat əsasında keçirilmiş əməliyyat zamanı İspaniya hüquq-mühafizə orqanlarının əməkdaşları oktyabrın 1-də Madeyra ilə Azor adaları arasında İspaniya sahil xəttindən təxminən 643 km məsafədə olan "Thoran" adlı okean gəmisini saxlayıb.
Axtarış nəticəsində gəmidə 165 kokain paketi aşkar olunub.Hər paketdə 23 kiloqram kokain tozu olduğu və aşkar olunmuş kokainin ümumi çəkisinin isə təxminən 3.700 kiloqram təşkil etdiyi bildirilir.
Narkotikin hansı ünvana aparıldığı naməlum qalsa da, qeyd olunur ki, aşkar olunmuş kokain Avropada satılsa idi, bundan əldə ediləcək gəlir 200 milyon funt sterlinq və ya 261 milyon dollardan çox ola bilərdi.
Gəminin heyəti altı Türkiyə vətəndaşı və bir Azərbaycan vətəndaşından ibarət olub. Onlar İspaniya polis əməkdaşları tərəfindən həbs edilib. Komor adaları bayrağı altında hərəkət edən gəmi oktyabrın 1-də İspaniyanın Cadiz limanına gətirilib.
Məlumata əsasən, əməliyyat NCA, İspaniya Gömrüyü, İspaniya Dövlət Polisi və İspaniya Mülki Qvardiyası tərəfindən birgə həyata keçirilib. Əməliyyat Lissabonda yerləşən beynəlxalq Narkotik əleyhinə Dəniz Əməliyyatları və Təhlili Mərkəzindən koordinasiya olunub.
NCA-dan Mark Blekvell bu kokain əməliyyatı ilə bağlı bildirib: "Belə böyük miqdarda kokainin ələ keçirilməsi beynəlxalq cinayətkar qruplaşmalara ciddi zərbədir və onları potensial olaraq yüz milyonlarla dollar gəlirdən məhrum edir. Biz Avropa və bütün dünyadakı həmkarlarımızla birgə işləyirik ki, mütəşəkkil cinayətkar qruplaşmaları hansısa formada əngəlləyək, habelə Britaniya və Avropa sərhədlərini narkotik qaçaqmalçılığından və digər qaçaqmalıçılıq əməllərindən mühafizə edək".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?