Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən Elnur Nəhmədov, onun xuliqanlıqda təqsirləndirilən tanışları - Ruslan Məmmədov və Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam edib.
Hakim Novruz Kərimovun sədrlik etdiyi iclasda dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən Elnur Nəhmədovun 19, Ruslan Məmmədovun 4, Pərviz Hüseynovun isə 3 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib. Yalçın Qocayevin oğlu Əli Qocayev isə prokurorun çıxışına münasibət bildirən zaman şikayətçi olmadığını deyib. Nəvəsinin bu jesti babanı, xalq şairi Fikrət Qocanı özündən çıxarıb. Yenicag.az-a açıqlama verən Fikrət Qoca nəvəsinin ünvanına sərt ifadələr işlədib: "Nəvəm qələt edir, belə qərar verir. O kimdir ki, mənim oğlumun qatillərini bağışlayır? Guya özünü humanist göstərmək istəyir, dədəsini öldürənləri bağışlayır. Bu, mümkün deyil. Mən bu işi hüquq mühafizə orqanlarının ixtiyarına vermişəm. Onlara da inanıram. Oğlumun ölümündə əli olan hər kəs cəzalandırılsın. Mən yalnız bunu deyə bilərəm. Xəstə adamam, məni əsəbiləşdirməsin". Qeyd edək ki, bu il martın 11-də saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayon şöbəsinin inzibati binasında oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirilib. 1963-cü il təvəllüdlü Y. Qocayev hadisə yerində ölüb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?