Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir. Ölkəmiz artıq dünya turistləri üçün cəlbedici məkana çevrilir. Ölkəyə gələn turistlərə yüksək standartlara uyğun xidmətin göstərilməsi isə bir çox faktorlardan asılıdır. Bu baxımdan turizm-ekskursiya işinin təşkilində bələdçilərin rolunu ayrıca qeyd etmək lazımdır. Lakin bəzən bələdçilərin ölkə haqqında turistlərə düzgün məlumatlar vermədiyi haqda iddialar var.
“İşini bilməyən bələdçilər ölkənin nüfuzuna xələl gətirir”
gundemxeber.az bildirir ki, məsələ ilə bağlı Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov modern.az-a danışıb:
“Təbii ki, bələdçilərin olması vacibdir. Çünki onlar bizim tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi turistlərə çatdırır və Azərbaycanı təbliğ edirlər. Bu sahədə işgüzar, səriştəli, savadlı və perspektivli bələdçilərimiz də var. Amma təəssüf ki, bəzən işini bilməyən, mədəniyyətdən, tarixdən, ədəbiyyatdan anlayışı olmayan bələdçilər də olur. Onlar turistlərə qazanc məqsədilə baxırlar və bu sahəni bilmədiklərinə görə nadan, naşı iş aparırlar.
Təbii, bu məsələ Azərbaycan Turizm Assosiasiyasını narahat edir. Bizim assosiasiya gələn ildən yenidən bələdçi kursları təşkil etmək istəyir. Bu kurslarda savadlı və peşəkar bələdçiləri hazırlamaq üçün həm rus, həm də Azərbaycan dilində dərslər keçiriləcək. Dərslərin rus və Azərbaycan dilində getməyinə baxmayaraq bələdçilər özləri sonradan mətnləri ingilis, fransız, alman, ərəb, fars dillərinə tərcümə edib, digər ölkələrdən gələn qonaqlarla iş aparacaq. İşini bilməyən bələdçilər ölkənin nüfuzuna xələl gətirir. Bu səbəbdən bu işlə ciddi məşğul olmaq lazımdır. İlk növbədə turizm qurumları və Azərbaycan Turizm Assosiasiyası, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm və Menecment Universiteti bu istiqamətdə tədbirlər görməyə hazırdır”.
“Həqiqi və saxta bələdçiləri ayırmaq lazımdır”
Müsahibimiz qeyd edib ki, ölkədə bələdçilərlə bağlı hər hansı instituta ehtiyac yoxdur:
“Eyni zamanda biz təklif edirik ki, bələdçilərin yenidən attestasiyası keçirilsin. Bələdçilərin saxtalaşdırılmasının qarşısını almaq və həqiqi bələdçilərlə saxta bələdçiləri ayırmaq lazımdır. Bu istiqamətdə müxtəlif işlər görülməlidir. Çünki bələdçilər turuizm sahəsində ən önəmli şəxslərdən biridir.
Lakin bələdçilərlə bağlı hər hansı instituta ehtiyac yoxdur. Azərbaycan Turizm və Menecment Universiteti bələdçiləri hazırlayanda onların metodikasını, ekskursiya aparılma texnikasını, mətnlərin hazırlanmağını öyrədir. Bələdçilərdə mütləq etalon mətnlər olmalıdır. Bizim tariximiz haqqında saxta məlumatlar verilməməlidir.
Bələdçilər formaca dəyişə bilərlər, yəni hər kəs öz xüsusiyyətinə uyğun ekskursiya apara bilər. Amma məzmunu heç vaxt dəyişə bilməzlər. Təəssüf ki, çox vaxt biz bələdçilərin turistlərə nə danışdığına qulaq asmırıq. Bu baxımdan bələdçi məsələsinə ciddi yanaşılmalıdır”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?