Azərbaycanda 20-44 yaş arası kişilərin 30 faizi, 45-64 yaşında olanların isə 51 faizi siqaret çəkir.
Bunu parlamentdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.
H.Rəcəbli bildirib ki, həmin insanlar hər gün orta hesabla 16 ədəd siqaret çəkirlər. Komitə sədri deyib ki, araşdırmalar nəticəsində məlum olub ki, siqaret çəkməyən, lakin tütün tüstüsündən əziyyət çəkən kişilər 67,5 faiz, qadınlar isə 52,3 faiz təşkil edir.
Qeyd edək ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi üçüncü - yekun oxunuşda müzakirə olunub. Qanun layihəsi əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünə ətraf mühitə ziyanlı təsirlərinin azaldılmasının hüquqi əsaslarını müəyyən edir.
Qanun layihəsinə əsasən, səhiyyə, elm və təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, teatr, sirk binalarında, sərgi və nümayiş salonlarında, idman yarışları, konsert və digər kütləvi tədbirlər keçirilən zallarda, ticarət, məişət və sosial xidmət obyektlərində, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusun dayanacaq məntəqələrində, beynəlxalq və ölkədaxili sərnişin daşınmasında, sərnişindaşınmaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, çoxmənzilli binaların liftlərində və ümumi istifadə otaqlarında, uşaq meydançalarında, çimərlik əraziləri hüdudlarında və digər yerlərdə siqaret, sulu qəlyan və elektron siqaretin çəkilməsinə icazə verilməyəcək.
Bundan başqa, təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində, səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələrində, onların ərazilərində, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda, iş yerlərində, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda, restoranlar, kafelər, barlar daxil omaqla ictimai iaşə obyektlərində (açıq məkanlar istisna olmaqla), ticarət və məişət obyektlərində, sosial xidmət müəssisələrində, mehmanxanalarda, teatr və kinoteatrlarda, sərgilərdə, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində tütündən istifadə qadağan ediləcək, eyni zamanda, yerüstü və yeraltı piyada keçidlərində, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlarası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda və taksilərdə, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda da bu qadağa keçərli olacaq.
Qanun layihəsində bildirilib ki, işyerlərində siqaret çəkilməsinə yerin ayrılması işəgötürənin ixtiyarındadır, burada hər hansı tələb irəli sürülmür. Bundan əlavə, bələdiyyələrə maarifləndirilmə tədbirlərinin keçirilməsi ilə bağlı səlahiyyət verilib. Layihədə bildirilib ki, tütün istehsalçıları əvəzsiz xeyriyyəçiliklə məşğul ola bilərlər. Yəni, qanun layihəsinin ikinci oxunuş üçün hazırlanan variantında "sponsorluq" və "xeyriyyəçilik" anlayışları eyniləşdirilərək qadağa nəzərdə tutulurdusa, yekun oxunuşda xeyriyyəçiliklə bağlı aradan qaldırılıb.
Müzakirələrin yekununda qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Sorğu
Yeni dizaynımız necədir?