Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili deyib ki, Azərbaycanlı jurnalist Əfqan Muxtarlı ilə bağlı insident rəsmi Tbilisi üçün “çox ciddi uğursuzluq” sayılmalıdır.
Kvirikaşvili bu barədə Gürcüstanın parlament azlığı ilə görüşündə deyib.
Rustavi 2 saytının (http://www.rustavi2.ge/en/news/92661) yazdığına görə, bu görüşdə “Avropa Gürcüstanı” fraksiyasının üzvü Elene Xoştariya “Əfqan Muxtarlının salamlarını Giorgi Kvirikaşviliyə çatdırıb” və jurnalistin Gürcüstandan necə oğurlanmasına dair ifadəsini oxuyub.
Xoştariyanın sorğusuna cavab olaraq baş nazir deyib: “Bilirsiniz ki, bu məsələ araşdırılıb və mən də razıyam ki, bu, çox çətin bir məsələdir. Mən həm də etiraf edirəm ki, bu, çox böyük uğursuzluqdur. Nəyin baş verməsindən asılı olmayaraq həqiqət hələ də yekunlaşdırılmayıb. Lakin fakt budur ki, bu, çox böyük uğursuzluqdur. Bilirəm ki, hökumətimizin reaksiyası, yəni Əks-kəşfiyyat Xidməti rəhbərinin və Sərhəd Polisi rəisinin vəzifələrindən azad edilməsi tamamilə adekvat reaksiya olub. Onların bu işdə günahları hələlik, təsdiqlənməyib, lakin onlar üzərlərinə siyasi məsuliyyət götürüblər”.
Ötən həftə Gürcüstan mediası jurnalist Əfqan Muxtarlı ilə müsahibədən parçalar dərc etmişdi.
Bu xəbərlərdə deyilirdi ki, “Kuryer” saytına (http://www.apsny.ge/2017/soc/1513369277.php) “məhkəmə prosesi zamanı kamerasız müsahibə verən” Muxtarlı deyib: “Məndən Kvirikaşviliyə salam deyin. Əvvəl-axır o, buna görə cavab verməli olacaq…”
Daha sonra Gürcüstan saytı yazır ki, Muxtarlı oğurlanaraq Bakıya gətirilməsində Gürcüstanın baş nazirinin və daxili işlər nazirinin əli olduğunu iddia edib./amerikaninsesi.org
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?