22 dekabr 2017-ci ildə Maliyyə Bazarlarına Nəzarət Palatasının "DəmirBank" ASC-nin lisenziyasını ləğv etməsi bankın işçiləri üçün gözlənilməz oldu.
Çünki bankın rəhbərliyi vakansiyalar elan etmişdi, yəni yeni mütəxəssisləri işə götürmək niyyətində idi. Bankın internet səhifəsi isə kredit təklifi üzrə reklam yayımlamışdı. Lisenziyanın ləğv edilməsinin səbəbini izah etməkdən imtina edən bankın İdarə Heyətinin sədri Fərid Abuşovun bəyanatı qəribə səslənir: "Deyə bilərlər ki, bu qərar tələsik verilib və ya gecikib. Yəni hər şey nisbidir. Amma hər halda indiki vəziyyət belə bir qərarın qəbul edilməsinə səbəb oldu. Başqa bir şərh vermək istəmirəm",- deyə o bildirib. Palatada bildiriblər ki, "DəmirBank"ın bağlanmasının səbəbi bankın ümumi kapitalının normativ tələbdən aşağı düşməsi, ümumi kapitalın adekvatlığının aşağı olması və bankın kreditorlara olan öhdəliklərini yerinə yetirə bilməməsidir. Bank kreditorlar qarşısında öhdəliklərini yerinə yetirmək qabiliyyətini itirib. İqtisadçı Rövşən Ağayevin sözlərinə görə, bu ilin üçüncü rübünün məlumatlarına görə, "Dəmirbank" aktivlərin həcminə görə 15-ci (31 bank arasında), kredit portfeli üzrə 12-ci, depozit portfeli üzrə 20-ci yeri tutub. Eyni zamanda, 9 ayda bank 20 milyondan çox zərərə düşüb. Balans kapitalı minimum tələbdən iki dəfə az olub: "Aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün 53 milyon manata yaxın ehtiyat yaradılıb ki, bu, bankın hazırkı aktivlərinin 10%-dən bir az çoxdur", – deyə R.Ağayev bildirir. Deməli, bağlanan bankın reytinqin ortasında olması onun müflis olmayacağına zəmanət vermir. R.Ağayev bankların uğurunu neft pulları ilə bağlayır. Devalvasiyaya qədər bank xeyli güclənibmiş. 2010-2015-ci illərdə bankın aktivlərinin həcmi 73% artaraq 589 milyona çatsa da, son 2 ildə 30%-ə yaxın azalmaqla 429 milyon manata enib. Ekspert diqqəti ona yönəldir ki, böyük neft pulları dövründə bankın aktivləri qısa müddətdə az qala 2 dəfə genişlənib. Bu dövrdə bank əsasən istehlak kreditləşməsinə üstünlük verib. 2015-ci ilin yekunlarına görə, bankın 428 milyon manatlıq kredit portfelinin 63.3%-i (270 milyon manat) istehlak kreditləri təşkil edib. R.Ağayev "Dəmirbank"ın bağlanmasının əsas səbəbini bank sektorunda rəqabətin olmaması, düzgün menecmentin yoxluğudur: "Ayaqda olan, inkişaf görüntüsü yaradan 1-2 bank isə məhz dövlət resurslarının, bu bankların arxasında duran iqtisadi qrupların iqtisadiyyatda resurlar üzərində sahib olduqları hökmran gücün sayəsində ayaqdadırlar", – deyə R.Ağayev qeyd edir. İki il bundan əvvəl ekspert Natiq Cəfərli vəd etmişdi ki, ikinci devalvasiya ilk devalvasiyadan özünə gələ bilməyən bank sektoruna daha güclü zərbə vuracaq: "Ölkədə fəaliyyət göstərən 40 bankın ən azı yarısı ciddi problemlərlə üzləşəcək, onlar bağlanacaq və ya başqaları ilə birləşmək məcburiyyətində qalacaq. Problemli kreditlərin sayı artacaq, geri qaytarılmayan borclar xarici valyuta üzrə kredit öhdəlikləri olan bankları əzəcək. Kiçik bankların bəxti gətirsə, böyüklər tərəfindən udulacaqlar. Bankirlər işsiz qalacaq", – deyə Cəfərli proqnozlaşdırırdı. Belə də oldu. İndi Cəfərli "Bank of Baku" və "AG bank"ının bağlanmasını proqnozlaşdırır. Bağlanan "Dəmirbank"ın rəhbərliyi əmanətçiləri sakinləşdirərək vəd edir ki, onların pulları Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən qanunlara və sıraya uyğun olaraq qaytarılacaq. Əmanətlərin qaytarılmasına görə öhdəlik götürən ləğvedici də təyin edilib. "DəmirBank" Azərbaycanın ən qocaman banklarındandır və 6 oktyabr 1989-cu ildə yaradılıb. 23 noyabr 1992-ci ildə lisenziya alıb. 16 oktyabr 2009-cu il tarixində lisenziyalaşdırılana qədər "Azərdəmiryolbank" adı altında fəaliyyət göstərib. Bankın lisenziyası Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə 2017-ci il dekabrın 22-də ləğv edilib. Lisenziya "Banklar haqqında" Qanunun 16-cı maddəsinin əsasında ləğv edilib. Palata "DəmirBank"a qarşı iflas prosedurunun başlaması üçün məhkəməyə müraciət edib./Turan
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?