Bu gün Bakıya qış fəsli başlayandan bəri ilk dəfə qar yağıb. Hazırda küləkli hava şəraitinə və şaxtanın olmamasına görə qar yerdə qalmır.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib. Bildirilib ki, axşama doğru külək səngiyəcək, tədricən mülayimləşəcək.
Xatırladaq ki, 10 yanvar tarixində hava şəraitinin qeyri-sabit olacağı, arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənildiyi əvvəlcədən bildirilmişdi. Məlumata görə, bu gün güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında səngiyəcək.
Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə və gündüz 2-5 dərəcə olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə, yanvarın 10-u axşamadək Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi gözlənilir, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
Ölkə ərazisində isə yanvarın 9-u gündüz hava şəraiti əsasən yağmursuz keçib, lakin 9-u axşamdan 10-u səhərədək hava dəyişib, qeyri-sabit olub, bəzi rayonlarda, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda güclü şimal-qərb küləyi əsib, əksər rayonlarda yağış, ayrı-ayrı yerlərdə sulu qar, qar yağıb.
Düşən yağıntının miqdarı Qusarda 11, Qubada 10, Şabranda 5, Sarıbaş, Astara, Altıağacda 4, Xınalıqda 3, Şahdağ, Xaltanda 2, Mərəzə, Balakən, Göytəpə, Lerik, Kişçayda 1, Bakıda və Abşeron yarımadasında: Sumqayıt, Binə, Pirallahı, Zabratda 1 mm olub.
Qar örtüyünün hündürlüyü Qırızda 13, Şahdağda 12, Quba, Xınalıqda 10, Qusar, 8, Altıağacda 7, Sarıbaşda (Qax) 6, Xaltanda 4, Rvarud, Lerikdə 2, Mərəzə, Şabranda 1, Qubanın dağlıq ərazilərində 4-13 sm təşkil edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?