Gürcüstan prokurorluğu Azərbaycandan "Lanset" klinikası tərəfindən dəvət olunmuş cərrah-transplantoloq barəsində cinayət təqibinə başlayıb.
İdarənin bəyanatında deyilir ki, prokurorluq cərrah-transplantoloq M.K.-ni "bir qrup şəxsin, xəstələrin böyük ölçüdə pul məbləğini ələ keçirməsi və ya ələ keçirmək cəhdi" işi çərçivəsində ittiham edir.
Cinayət işinin materiallarına əsasən, "Lanset" klinikasında 2016-cı ilin martında iki xəstənin ölümünə gətirib çıxaran qara ciyər köçürməsi əməliyyatları həyata keçirilib. Ekspertiza nəticəsində məlum olub ki, ölən xəstələrdən heç birinin təcili əməliyyata ehtiyacı yox idi, buna onları cərrah-transplantoloq və klinikanın direktoru inandırıb. Xəstələrə deyiblər ki, onlara təcili qara ciyər köçürülməlidir, bunun qiyməti 40 min dollardır. Hər iki xəstə kredit götürüb. Onlar 2016-cı il martın 3-də və 8-də əməliyyat olunub. Hər ikisi əməliyyatdan sonra bir həftə ərzində vəfat edib.
"Cərrah M.K. istintaq orqanlarına gəlməkdən imtina etdiyinə görə, prokurorluq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətlə müraciət edir. Bu vəsatət təmin edildikdən sonra M.K. barəsində axtarış elan ediləcək", deyə Gürcüstan prokurorluğunun bəyanatında bildirilir.
Məlumatda həkimin tam adı açıqlanmır.
Qeyd edək ki, Tbilisi şəhər Məhkəməsində bundan əvvəl həbs edilmiş "Lanset" klinikasının sahibi Fərman Ceyranovun işi üzrə proses gedir. O, "böyük ölçüdə fırıldaqçılıq" və "insanların həyat və sağlamlığı üçün təhlükə yaradan hallar haqqında məlumatın gizlədilməsi və ya saxtalaşdırılması" maddələri ilə ittiham olunur. Bu maddələrin sanksiyasına görə Ceyranovualtı ildən doqquz ilə qədər həbs gözləyir.
Məşhur Azərbaycanlı cərrah Fərman Ceyranlı bir neçə il əvvəl Tbilisidə ən yaxşı özəl klinikalardan biri olan "Lanset"i açıb.
Bir müddət əvvəl o, klinikanı satmaq qərarına gəlib, amma gürcüstanlı alıcılar ona real dəyərin yarısını təklif ediblər. Klinikanı ucuz qiymətə satmaqdan imtina etdikdən sonra Ceyranlı həbs edilib. Onun yaxınları Ceyranlının klinikanı təklif edilən qiymətə satmağa razılaşan kimi onu azad edəcəklərinə inanırlar. Müşahidəçilər Ceyranlının həbsinin digər bir səbəbinin Azərbaycanın siyasi müxalifətini və Gürcüstanda olan siyasi mühacirləri maliyyələşdirməkdə şübhəli bilən Bakının sifarişi olduğunu düşünür.
2017-ci il mayın 22-də həbs edilən Ceyranlı bildirib ki, ona qarşı irəli sürülmüş ittihamlar uydurmadır və onunla heç bir əlaqəsi yoxdur. O, rəsmi ittihamda göstərilən əməllərə görə heç bir hüquqi məsuliyyət daşımır, çünki yalnız klinikanın sahibidir və əməliyyatlar haqqında bütün qərarlar müalicə edən həkimlər tərəfindən qəbul edilib. Müdafiə tərəfi müvəkkilinə qarşı irəli sürülmüş fırıldaqçılıq ittihamını da əsassız adlandırıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?