ABŞ-ın Los Anceles şəhərində fevralın 5-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-da nümayəndəliyinin açılması münasibətilə tədbir keçirilib. Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu məlumat yayıb.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgətəşkilatçılığı ilə keçirilən tədbirdə xarici ölkələrin baş konsulları, elm və mədəniyyət xadimləri, dini icma rəhbərləri, jurnalistlər, Azərbaycan, yəhudi, türk, Koreya və digər icmaların nümayəndələri iştirak edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru vəzifəsini icra edən Rəvan Həsənov bildirib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 2014-cü ildə yaradılıb və 3 illik fəaliyyəti dövründə Vatikan, London, Berlin, Bern, Helsinki, Roma, Cakarta və digər şəhərlərdə çoxsaylı layihələr həyata keçirib.
“Bu gün ABŞ-da nümayəndəliyin açılması Azərbaycan modelinin öyrənilməsi və iki ölkə arasında təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır”, o qeyd edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-dakı nümayəndəliyinin rəhbəri Canna Skot (Jannah Scott) Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq mühiti ilə yaxından tanış olduğunu və bu ənənələrin ABŞ ictimaiyyətinə daha dərindən çatdırılması istiqamətində nümayəndəliyin uğurlu fəaliyyət göstərəcəyinə inandığını bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?