Keçmiş səhiyyə naziri Əli İnsanovun daha 7 il azadlıqdan məhrum edilməsi haqda hökmü qüvvədə saxlayan Ali Məhkəmənin bu qərarı verməsindən bir aydan çox vaxt keçib. Amma qərar hələ də Əli İnsanova təqdim olunmayıb. Sabiq nazir bununla əlaqədar fevralın 19-da Ali Məhkəmənin sədri Ramiz Rzayevə məktub göndərib.
Əli İnsanov məktubunda yazır ki, Azərbaycan məhkəmələri saxta və qurama ittihamla onu 7 il 5 gün azadlıqdan məhrum edib:
“Bu işlə bağlı Ali Məhkəməyə şikayətimi hakim Fərhad Kərimov heç bir səbəb olmadan 7 ay süründürdü. Sonda da saxta və qurama ittiham əsasında çıxarılmış hökmü qüvvədə saxladı. Ali Məhkəmənin qərarı bu günə qədər mənə verilməyib. Hesab edirəm ki, bu qanunsuz hərəkətlər Avropa Məhkəməsinə şikayət göndərməyimi yubatmaq məqsədi güdür”.
Xatırlatma
Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan cinayət işi vəzifə cinayətlərinə dair ittihamlarla məhkəməyə gedib və ona 11 il həbs cəzası kəsilib.
Həbs müddətinin bitməsinə iki ay qalmış – 2016-cı ilin avqustunda ona yeni cinayət işi açılıb. Keçmiş nazirə CM-in 234.1-ci (narkotik və ya psixotrop maddələr əldəetmə, saxlama), 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiqetmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması) maddələri ilə ittiham irəli sürülüb. Kamerada psixotrop tərkibli dərman saxlamaqda, Penitensiar Xidmətin əməkdaşını vurub ona kəllə-beyin travması yetirməkdə suçlanan 70 yaşlı sabiq nazir 2017-ci il aprelin 26-da 7 il azadlıqdan məhrum edilib. İyunun 22-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Yanvarın 16-da isə Ali Məhkəmədə bu məsələyə baxılıb və qərar qüvvədə saxlanılıb.
Əli İnsanov ittihamları qəbul etmir. Keçmiş nazir hakimiyyəti, şəxsən prezident İlham Əliyevi tənqid etdiyinə görə onun sifarişi ilə saxta ittihamla cəzalandırıldığını deyir./amerikaninsesi.org
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?